Samstag, 5. September 2009

TQDK SƏDRİ YENƏ TİKANLI DANIŞDI

417 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Onlayn ictimai-siyasi qəzet
05.09.2009 [08:48]



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009-2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasını başa çatdırıb. Bu barədə komissiya sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında məlumat verdi. Onun sözlərinə görə, növbəti tədris ilində keçiriləcək imtahanlara hazırlıq məqsədilə keçirilən elmi konfrans və seminarlar bu ilin oktyabr ayından başlayacaq.TQDK sədri bu il 400 mindən çox insanın qurumun təşkil etdiyi imtahan və testlərdən keçdiyini dedi. Sınaq imtahanlarında ümumilikdə 180 min nəfər iştirak edib. Komitə sədrinin dediyinə görə, prezident təqaüdü alacaq tələbələrin siyahısında 102 nəfərin adı var. Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin “Azərbaycan ali məktəblərinin tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında” fərmanına əsasən, ötən il ali məktəblərə qəbul zamanı ən yüksək bal toplayan tələbələr üçün təqaüd 50 faiz artırılaraq 150 manata çatdırılıb.
TQDK sədri qeyd etdi ki, 3 mindən çox nəzarətçi-müəllimin 2-3 faizi öz işinin öhdəsindən gələ bilməyib: “Tələbə qəbulu üzrə Dövlət Komissiyası imtahanlarda iştirak etmiş nəzarətçi-müəllimlərlə bağlı araşdırmalar aparılır. Hazırda pozuntulara yol vermiş nəzarətçilərlə bağlı yazı stolumun üstündədir. Düzdür, onların hamısının işindən tam razı olduğumuzu da söyləyə bilmərəm. Amma 17 il ərzində ilk dəfə olaraq, bu il müsbət irəliləyişlər nəzərə çarpdı. Çünki bu il sınaq imtahanlarında özlərini doğrultmayan və səhvlərə yol verən nəzarətçiləri bazadan çıxarmışdıq. Pozuntuya yol verən nəzarətçilər bundan sonra heç vaxt qəbul imtahanlarında iştirak etməyəcəklər”.
M.Abbaszadənin sözlərinə görə, TQDK-nın keçirdiyi seçim imtahanları ilə Təhsil Nazirliyinin təşkil etdiyi buraxılış imtahanlarının məqsədlərini eyniləşdirmək mümkün deyil: “Heç bir imtahanda iki məqsəd ola bilməz. Orta məktəblərdə buraxılış imtahanı attestasiyadır, test imtahanı isə sınaq, biliklərin yarışıdır. Ona görə də Azərbaycanda mərkəzləşdirilmiş buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının birgə aparılması mümkün deyil. Rusiya bu yolla gedib hər iki imtahanı birgə keçirdi. Görün, onların builki imtahanları hansı qalmaqallarla nəticələndi. Buna görə də fikrimcə, vahid imtahanın aparılması mümkün deyil. Mərkəzləşmiş buraxılış imtahanının nəticələri düzgün olsa, onun nəticələri, yəni attestat qiymətləri qəbul qaydalarında nəzərə alına bilər. Amma bu il orta məktəbi bitirən məzunların 54 faizi 0-200 arası nəticə göstərib. Əgər şagird attestat alıbsa və attestasiya imtahanından keçibsə, heç olmasa, 200-ə qədər nəticə göstərməli idi. Halbuki aşağı nəticə göstərən abituriyentlərin 73 nəfəri TQDK-ya əla qiymətlərlə olan attestat təqdim etmişdilər”.
TQDK sədri 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının regionlarda da keçiriləcəyini söylədi: “Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan və Gəncə şəhərlərindəki regional idarələri demək olar ki, formalaşıb. Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələrin təşkili üçün ilkin tədbirlər görülüb”.
ZÜLFİYYƏ

Keine Kommentare:

Kommentar veröffentlichen