Freitag, 11. September 2009

YENİ MALİYYƏ BÖHRANI GÖZLƏNİLİRMİ? Rövşən Ağayev: “Son il yarımda dünya ölkələri böhrana 11 trilyon pul xərcləyiblər”

Onlayn ictimai-siyasi qəzet
11.09.2009 [08:36]
YENİ MALİYYƏ BÖHRANI GÖZLƏNİLİRMİ?

Rövşən Ağayev: “Son il yarımda dünya ölkələri böhrana 11 trilyon pul xərcləyiblər”

Məşhur iqtisadçı alim, ABŞ Federal Ehtiyatlar sisteminin keçmiş rəhbəri Alan Qrinspen dünya maliyyə böhranının təkrarlanacağını deyib. O, BBC-yə müsahibəsində növbəti böhranın indikindən fərqlənəcəyini bildirib. Qrinspenin bəyanatı nə dərəcədə realdır? Ümumiyyətlə, dünya dövlətləri böhrandan çıxıblarmı? Bununla bağlı söhbət etdiyimiz İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev Beynəlxalq Valyuta Fondunun sonuncu hesabatından bir neçə rəqəmi xatırlatdı: “Fondun 8 ayın nəticələri ilə bağlı açıqlamaları xeyli optimistdir. Söhbət maliyyə sektorunda baş verən proseslərdən getmir, BVF ümumilikdə iqtisadiyyatda gedən proseslərlə bağlı öz məlumatlarını yayıb. İqtisadi proqnozlar optimistdir. Məsələn, onlar proqnozlaşdırırdılar ki, 2009-cu ildə 1,4 faiz iqtisadi azalma olacaq, son proqnozlarda bu 1,3 faizlə əvəzlənib. 0,1 faiz dünya iqtisadiyyatı üçün böyük göstəricidir. 2010-cu illə bağlı BVF ekspertləri təxminən 1 faiz civarında iqtisadi artım gözləyirlər. Fondun ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının real vəziyyəti və proqnozlarla bağlı müəyyən təhlilləri var. Məsələn, ABŞ iqtisadiyyatı ilə bağlı məlumat verirlər ki, son rübdə ÜDM-in 1 faiz azalması baş verib. Halbuki gözlənti 1,5 faizlik azalma idi. Eyni zamanda, ABŞ-da növbəti il üçün 1,3 faiz iqtisadi artım proqnozlaşdırırlar. Avropa iqtisadiyyatlarında vəziyyət bir az fərqlidir. Belə ki, Avropanın ən böyük iqtisadiyyatları olan Fransa və Almaniyada iqtisadi artım qeydə alınıb, amma İtaliya və Niderlandda iqtisadi geriləmə olub. BVF hesabatlarında isə qeyd olunur ki, Fransa və Almaniyanın artımı hesabına avroməkanda birinci rüblə müqayisədə 0,1 faiz geriləmə olub. Bu, cüzi bir geriləmə kimi qiymətləndirilir. Yaponiya və Çin iqtisadiyyatında da vəziyyətin xeyli optimist olduğu qeyd edilir. Yaponiyada əvvəlki illə müqayisədə 0,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artım qeydə alınıb. Çində 7,3 faizlik artım qeydə alınıb. Dünya iqtisadiyyatının sistemini əmələ gətirən ölkələrin timsalında vəziyyətin o qədər də pis olmadığı görünür. BVF-nin rəhbəri bir ifadə işlədib ki, artıq biz əminliklə dünya iqtisadiyyatındakı böhranda işıq görünür deyə bilərik”. Fərqli mövqelərin də olduğunu deyən ekspert bildirdi ki, Rusiyanın Maliyyə Nazirliyi 2010-2012-ci illər üzrə büdcə siyasətinin istiqamətlərini hazırlayıb və burada da nikbin notlar var: “Amma həm də xeyli dərəcədə qeyri-müəyyənliklə bağlı fikirlər var. Xüsusilə sənəddə neft bazarı ilə bağlı pessimist notlar hiss olunur. Məsələn, Rusiya ekspertləri növbəti il üçün büdcən neftin qiymətini 54 dollar götürüblər. 2011-ci il üçün 55, 2012-ci il üçün 57 dollardır. Onların gözləntilərinə görə, yaxın 2-3 ildə neftin qiyməti bu civarda dəyişəcək. Hətta onların ən pessimist proqnozlarında göstərilir ki, sonrakı müddətdə neftin qiyməti artmaya da bilər. Onlar Beynəlxalq Energetika Agentliyinin proqnozlarına istinad edirlər. Orada da göstərilir ki, artıq dünyada alternativ enerjidaşıyıcıları ilə bağlı axtarışlar başlayıb. Üstəgəl, sonuncu Alan Qrenpesin açıqlamarını. O, kifayət qədər nüfuzlu şəxsdir və fikirləri dərhal dünyada rezonans doğurdu. Konkret danışmaq çox çətindir. Hər halda, həm BVF-nin hesabatını, həm Rusiya Maliyyə Nazirliyinin hazırladığı sənədi diqqətlə oxumuşam, hələ ki, təhlilçilər müxtəlif ölkələrin vəziyyətinə baxıb qiymətləndirmə verir. BVF rəhbəri belə bir açıqlama verib ki, böhranı bir neçə ay əvvəl gözlədiyimizdən ən azı bir rüb tez başa vuracağıq. Burada bir nüans nəzərə alınmalıdır, böhranı başa vurmaq deyəndə, söhbət onun dərinləşməsinin qarşısının alınmasından gedir. Bütün bu proqnozların və faktiki rəqəmlərin qarşısında Alan Qrinpesin açıqlaması da maraqlıdır. Açığı, onun arqumentləri ilə tanış olmadığım üçün dəqiq qiymətləndirmə verə bilmirəm. Hər halda, o, çox təcrübəli iqtisadçıdır, fikirləri hamı üçün maraqlıdır. Mən sizə deyim ki, bu fikirlər var, bu yaxınlarda iqtisadiyyat üzrə ABŞ-ın bir Nobel mükafatçısı da demişdi ki, böhran yenidən başlaya bilər. Dünya böhrandan çox itirib. BVF açıqlayıb ki, son il yarımda dünya ölkələri böhrana 11 trilyon pul xərcləyiblər. Bu, həddən artıq böyük vəsaitdir. Bugünkü müsbət nəticələr həmin vəsaitin hesabına əldə edilib. Hökumətlər bu dəstəyi verməsəydilər, vəziyyətin necə olacağını bilmək olmazdı. Buna görə də gələcəkdə böhranla bağlı vəziyyət həqiqətən də qaranlıqdır. Əgər böhran dayanmayacaqsa bu, o deməkdir ki, seçilmiş strategiya düzgün olmayıb”.
HƏBİBƏ

67 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen