Montag, 2. November 2009

“BİR ADAM YOL GEDİR, BİZDƏN QABAQDA...” | Yeni Musavat

“BİR ADAM YOL GEDİR, BİZDƏN QABAQDA...” | Yeni Musavat

02.11.2009 [00:39]
“BİR ADAM YOL GEDİR, BİZDƏN QABAQDA...”

Bu misralar böyük şairimiz Məmməd İsmayılın həyatı kimi, yubiley tədbirinin də leytmotivi idi
Ramiz Rövşən: “Məmməd, mən Füzuli yaşını keçdim, sən də Nizami...”

Dünən Aktyorlar Evində böyük şairimiz Məmməd İsmayılın yaradıcılıq gecəsi keçirildi. 70 illiyi qeyd olunan yubilyarın musiqili məclisinə xeyli tanınmış simalar toplaşmışdı. Publisist Məti Osmanoğlu şairin məşhur “Bir adam yol gedir, bizdən qabaqda” şeirini aşıq Zülfiyyənin müşayiəti ilə ifa etdi. Sonra şairin yaradıcılıq gecəsinə yığışan sənət dostları onun barəsində ürək sözlərini bildirdilər.

Tovuz Ağsaqqallar Şurasının sədri, professor Müseyib Müseyibov 20 il əvvəl öz doğma rayonlarının müdafiəsində Məmməd İsmayılın vətən üçün göstərdiyi xidmətlərdən danışdı: “Onun vətənpərvərliyi bəlkə də çox ziyalılarımızda yoxdur. Məmməd tək ədəbiyyatımıza yox, vətənimizə də böyük xidmətlər göstərib. Mən onun mərdliyini, kişiliyini yüksək dəyərləndirirəm, Azərbaycan müəllimləri, şagirdləri, tələbələri, ziyalıları adından ”Məmməd, sənə eşq olsun!" deyirəm".
Xalq artisti Flora Kərimova Məmməd İsmayılı “müasir Azərbaycan şeiriyyətinin beş-altı tanınmış simalarından biri” adlandırdı: “Mən bu şairin simasında çökməməyi, mərdliyi öyrəndim”.
Məmməd İsmayılın yubileyinə xeyli tanınmış simalar toplaşıbQürbət həyatı yaşayan şairə “Gəzdiyiniz torpaq çox mübarək olsun!” deyə bildirərək onun “Həsrətimi çəkərsən” şeirinə bəstələnmiş yeni mahnını oxudu.
Professor Nəsir Əhmədli isə M.İsmayılın tərcümeyi-halının görünməyən tərəflərindən söz açdı: “Koroğlu” dastanında incə bir məqam var, sanki Koroğlu yoxdan var olub; dastanda onun anasından söz açılmır. Məmməd İsmayıl da sanki yoxdan var olub; çoxları bilmir, Məmmədin anası onun atası Mürşüd kişidən əvvəl iki dəfə ərdə olub, övladı olmaması səbəbindən ailəsi dağılıb. Mürşüd kişi ona ailə qurmaq təklif edəndə qadın qayıdıb ki, mənim övladım olmur. O zaman Mürşüd kişi müdrik bir cavab verib: Allah yoxdan da var edir. Elə belə də olur. İki il sonra Məmməd dünyaya gəlir və yaş yarımlıq olanda atası Böyük Vətən müharibəsinə çağırılır. Məmməd yetimçiliklə, olduqca ağır güzəranla böyüyür. Məmməd təkcə şair deyil, o həm də ssenarist, yazıçı, publisistdir, neçə-neçə romanlar müəllifidir ".
“Aşıq Pəri”nin “qızları” şairi təbrik edirNəsir Əhmədlinin M. İsmayılın davamçısı kimi təqdim etdiyi “Respublika gəncləri” qəzetinin redaktoru Elçin Məmmədli şairin şeirlərinin təhlilinin mümkün olmamasından danışdı: “Mərhum şairimiz Bəxtiyar Vahabzadə deyib ki, Məmməd İsmayılın şeirləri ağıla söykənsəydi, onu təhlil etmək mümkün olardı, amma onun şeirləri hisslərə söykəndiyindən gərək Məmməd kimi olasan, bu isə mümkün deyil”.
Sonra o, şairin “Haradasan, ay baba dərviş” şeirini oxudu.
Aşıq xanımlar - Gülarə, Zülfiyyə, Kəmalə, Solmaz “Aşıq Pəri” məclisi adından şairi aşıq mahnıları ilə salamladılar.
Qeyd edək ki, tədbirə şairin Rusiyadan da qonağı qatılmışdı. Onun şeirlərini rus dilinə tərcümə edən tanınmış rus şairi Mixail Sinelnikov M.İsmayılın yaradıcılığından söz saldı. “Mən Məmmədi hər zaman yalnız həqiqi, anadangəlmə şair kimi yox, həm də çox güclü və xeyirxah bir şəxsiyyət kimi sevmişəm” - deyən M. Sinelnikov çıxışını bu sözlərlə bitirdi: “Məmməd, sənin şeirlərin təkcə Moskva ədəbi mühitində deyil, Peterburqda da sevilə-sevilə oxunur”.
Müğənni Mətanət İsgəndərli bəstəkar Nadir Əzimovun şairin “Bir gün” şeirinə bəstələdiyi mahnını oxudu. İfadan sonra şairin Çanaqqalada (Türkiyə) yaşadığı qürbət həyatına eyhamla “çox arzu edərdim ki, tez-tez Azərbaycanda görünəsiniz, Məmməd müəllim”, dedi.
Rus şairi Mixail Sinelnikov yubilyarı təbrik edərkənŞair Ramiz Rövşən həmkarının adı və yaşı barədə xüsusi danışdı: “Məmmədin adı bizim sevimli peyğəmbərimiz Məhəmməd peyğəmbərin adını daşıyır. XX əsrin əvvəlində Məhəmməd adını daşıyan iki böyük şəxsiyyət olub: Məhəmməd Əmin və Məhəmməd Hadi. Əsrin sonunda isə bu adı doğruldan iki böyük şəxsiyyətdən biri Məmməd Araz, digəri Məmməd İsmayıldır. Məmməd, mən Füzuli yaşını keçdim, sən də Nizami. Arzu edərdim ki, sən Aşıq Ələsgər yaşını da ötəsən və özünəməxsus bir yaşın olsun. Azərbaycanda ana, ata mövzusunda beş qiymətli şeir varsa, onun biri Məmmədindir. Məmməd, sənin işığına bu qədər insan toplaşıbsa, deməli, tənha deyilsən”.
R.Rövşən yeni yazdığı bir şeirini Məmməd İsmayıla ithaf etdiyini söylədi. Şairin dilənən ağsaçlı bir qarıya ithaf etdiyi yeni şeiri bütün zalı ayağa qaldırdı.
Sonra gənc ifaçı Rövşən Əziz bəstəkar Oqtay Rəcəbovun şairin “Yaman darıxmışam səninçün, ana” şeirinə bəstələdiyi mahnını oxudu. Mahnının tarixçəsindən danışan bəstəkar Oqtay Rəcəbov şairin bu şeiri 1981-ci ildə ağır xəstəlikdən dünyasını dəyişən anasına ithaf etdiyini söylədi. Sonra isə bildirdi ki, onun rəhbərliyi ilə xeyli musiqiçi uşaq şairin şeirlərinə bəstələnmiş mahnıları oxuyur: “Milyon yarım uşaq sənin şeirlərini musiqi dərsliklərindən öyrənir. ”Səndən xəbərsiz" şeirinə mahnı yazıldı, teleserial çəkildi. Sən tək şair deyilsən, məncə, həm də filosofsan, psixoloqsan".
Gənc müğənni Aynur İsgəndərli sözləri Məmməd İsmayıla, musiqisi Oqtay Rəcəbova məxsus “Məhəbbət” mahnısını ifa etdi. Aşıq Azər Xanlaroğlu sazda “Yol ver, türkün bayrağına”, “Qoca qartal” mahnılarını ifa etdi. Onun ardınca şair “Azər, sənin bu çalğın yadıma ”Türkün sevgisi" şeirini saldı" dedi. Sonra şair zalda gəzişə-gəzişə bu gözəl şeirni oxudu:

“Tanrı dağlarından enib gəlibdi,
Bozqırda Boz Qurda dönüb gəlibdi.
O yurddan bu yurda dönüb gəlibdi,
Hicran sevgisidir, sürgün sevgisi,
Türkün sevgisi... ".

Musa Yaqub isə həmkarına ithaf etdiyi “Haradasan, a Məmməd İsmayıl” şeirini oxudu.
Sonda Tovuz aşıqları səhnəyə çıxıb şairin yaradıcılığından xeyli mahnı oxudular. Qeyd edək ki, M.İsmayılın 70 illik yubiley gecəsini İctimai Televiziya və Radio Yayımları Şirkəti lentə aldı. Şairin 70 yaşını biz də “Yeni Müsavat” ailəsi adından təbrik edirik, ona bəstəkar Oqtay Rəcəbovun təbirincə desək, “70, 80, 90 və sair, sair... ömür” arzu edirik.

S.HİLALQIZI

771 dəfə baxılıb