Sonntag, 22. März 2009

Referendum baş tutmayıb

LINK


"Qarabağ və Respublika Uğrunda" Vətəndaş Hərəkatı nəticələri tanımır

"Referendumda seçicilərin 15 faizdən azı iştirak edib"

"Qarabağ və Respublika Uğrunda" Vətəndaş Hərəkatı referendumla bağlı ilkin rəyini açıqlayıb. Rəydə göstərilir ki, bir nəfərin iki dəfədən artıq ardıcıl prezident seçilməsini qadağan edən Konstitusiya maddəsinin ləğvi məqsədilə YAP-ın irəli sürdüyü referendum təşəbbüsü ciddi ictimai müzakirəyə çıxarılmadan parlamentin gündəliyinə salınıb və bu barədə qərar qəbul olunub. Konstitusiya Məhkəməsi isə dəyişikliklərlə bağlı təklifə Konstitusiyanın 31-ci maddəsinin 2-ci hissəsini pozaraq müsbət rəy verib.

Sənəddə, həmçinin referendumun bir sıra Konstitusiya maddələrinə, Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə zidd olaraq təyin edildiyinə dair Hərəkatın və müstəqil hüquqşünasların rəyləri xatırladılır, bu istiqamətdə konkret müddəalar sadalanır. Qeyd olunur ki, bununla bağlı Hərəkatın Konstitusiya Məhkəməsinə və Milli Məclisə etdiyi müraciətlər cavabsız qalıb.
Hakimiyyət Avropa Şurası qarşısında öhdəliyini pozub
Sənəddə hökumətin dəyişikliklərə rəy vermək üçün Avropa Şurası Venesiya Komissiyasına müraciət etmədiyi, bununla belə Avropa Şurası qurumlarının bu dəyişiklikləri mənfi qiymətləndirdiyi bildirilir: "Azərbaycan hakimiyyəti Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə zidd olaraq qanunvericilikdə edilən əsaslı dəyişikliklər barədə Avropa Şurası Venesiya Komissiyasına rəy bildirmək üçün müraciət etməyib.
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəyinə görə, bələdiyyə strukturları üzərində dövlət nəzarətinin tətbiq edilməsi, həmin strukturların parlament qarşısında hesabat verməsi kimi absurd müddəa yerli özünüidarəetmənin demokratik prinsiplərinə uyğun gəlməməklə yanaşı, həm də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir.
Avropa Şurası Venesiya Komissiyası referendumda müzakirəyə çıxarılan bir çox müddəaların demokratiyanın inkişafı prinsiplərinə uyğun gəlmədiyini, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinin Avropa praktikasına zidd olduğunu bəyan edib".
Referendum üçün demokratik şərait olmayıb
Rəydə daha sonra qeyd olunur:
"Referendum ölkədə seçicilərin öz iradəsini azad surətdə ifadə etməsi üçün normal demokratik şəraitin olmadığı, müxalifət partiyalarının, müstəqil KIV-lərin təqib və təzyiqlər altında olduğu vaxtda elan edilib.
Bütün seçki komissiyaları yenə də hakimiyyətin nəzarəti altında olub. Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün seçki komissiyalarında mütləq əksəriyyət təşkil edib.
Mərkəzi Seçki Komissiyası təşviqat qruplarının yaradılması üçün çətin prosedurlar müəyyənləşdirib, müxalifətin elan etdiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qruplarının yaradılmasına ciddi maneçiliklər törədilib. Ölkənin bir çox regionlarında bu təşviqat qrupları üçün imza toplayan şəxslər təzyiq və təqiblərə məruz qalıb, müxtəlif müddətlərdə həbs olunublar. Həmin dövrdə iki nəfər haqqında qondarma cinayət işi açılıb, qeyri-qanuni məhkəmə hökmü çıxarılıb. Imza toplayanlarla yanaşı, müxalifət təşviqat qruplarının qeydiyyatı üçün imza vermiş bəzi şəxslər də təqib və təzyiqlərə, hədə-qorxulara məruz qalıblar.
Bərabər hüqüqlu təbliğat imkanları prinsipi kobud şəkildə pozulub. Bütün seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən televiziya kanallarının əksəriyyəti referendumla bağlı hakimiyyətin mövqeyinin təbliği və müxalifətə qarşı təbliğatla məşğul olub.
Təşviqat aparılması üçün yalnız Ictimai TV-də vaxt ayrılıb. Pulsuz efir vaxtı bundan əvvəlki bütün seçkilərdə olduğundan az, həftədə cəmi 90 dəqiqə olub və yalnız teledebatlar üçün ayrılıb. Müxalifətdən olan təşviqat qruplarının bütün kampaniya dövründə yalnız 40 dəqiqə ərzində pulsuz efir vaxtından istifadə imkanı olub.
Təşviqat materiallarının geniş yayılmasına maneçilik törədilib. Belə ki, ötən seçkilər ərəfəsində təşviqat materiallarının yalnız xüsusi ayrılmış yerlərdə yerləşdirilməsi ilə bağlı Seçki Məcəlləsində edilmiş dəyişiklik təşviqat materiallarının nümayiş etdirilməsinin səmərəliliyini xeyli azaldıb, bu məqsədlə xüsusi ayrılmış lövhələrdə "Respublikaçılar" və "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qruplarına məxsus olan plakatlar polis və icra hakimiyyəti strukturları işçiləri tərəfindən cırılıb, həmin təşviqat qruplarının vətəndaşlara bukletlər paylayan nümayəndələri polis təzyiqinə məruz qalıblar.
Təşviqat kampaniyası dövründə kütləvi aksiyaların keçirilməsi üçün şərait yaradılmayıb. Bakı şəhərində müxtəlif dövrlərdə və müxtəlif məkanlarda kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar müraciətlərin hamısına qeyri-qanuni olaraq rədd cavabı verilib.
Ölkənin regionlarında, o cümlədən Sumqayıt, Gəncə, Cəlilabad, Lənkəran, Sabirabad, Imişli və Şəkidə "Qarabağ və Respublika Uğrunda" Vətəndaş Hərəkatına daxil olan siyasi partiya və ictimai təşkilatların, həmçinin "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qruplarının seçicilərlə açıq havada görüş məqsədilə müraciət etdiyi yerlərin heç birində belə aksiyaların keçirilməsinə imkan verilməyib.
Əvvəlki seçkilərdən fərqli olaraq qeydə alınmış təşviqat qruplarına dairə və məntəqə seçki komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvü təyin etmək hüququ verilməyib, bununla da müxalifətin referendum günü bilavasitə seçki komissiyalarında səsvermə prosesinə nəzarət üçün heç bir mexanizm qalmayıb.
"Qarabağ və Respublika Uğrunda" Vətəndaş Hərəkatı qeyd edilənləri nəzərə alaraq, referendum kampaniyasını dayandırmağı təklif edib. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin də Azərbaycan hakimiyyətinə oxşar təklifinə hakimiyyət dairələri məhəl qoymayıb".
Səsvermə günü çoxsaylı saxtakarlıqlar baş verib
Sənəddə daha sonra referendum günü qeydə alınan qanun pozuntusu və saxtakarlıqlar sadalanır:
"Referendum günü qanun pozuntuları və saxtakarlıqlar kütləvi xarakter alıb.
Yerli icra hakimiyyəti strukturları YAP nümayəndələrinin əksəriyyət təşkil etdiyi seçki komissiyaları ilə birlikdə bu qanun pozuntuları və saxtakarlıqların əsas təşkilatçısı olublar.
Bəzi televiziya kanallarında təşviqat kampaniyası referendum günü də davam edib.
Bir çox seçki məntəqələrində seçki bülletenləri müşahidəçilərin iştirakı ilə sayılmayıb, seçki qutuları onların iştirakı ilə möhürlənməyib.
Müxalifəti təmsil edən müşahidəçilər bir çox seçki məntəqələrinə, ümumiyyətlə buraxılmayıb, bəzi seçki məntəqələrində isə təzyiqlərə məruz qalıblar.
Müşahidəçilərə effektiv müşahidə imkanları yaradılmayıb, səslərin sayılması zamanı isə onlar prosesdən tamamilə kənarlaşdırılıblar.
Seçici fəallığının olmamasından narahat olan yerli icra hakimiyyəti orqanlarının nümayəndələri seçki məntəqələrinin əksəriyyətində "karusel" əməliyyatı həyata keçiriblər. Əvvəlcədən yaradılmış ayrı-ayrı "seçici" qrupları avtobus və digər maşınlarla məntəqələri gəzdirilərək, onların müxtəlif məntəqələrdə səs verməsinə şərait yaradılıb. Həmin "seçici" qrupları bəzi seçki məntəqələrində bir neçə dəfə olub, bir çox hallarda həmin "seçicilərə" iki və daha artıq seçki bülleteni verilib.
Seçki bülletenlərinin qutulara topa şəklində atılması prosesində bir çox məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin fəal iştirakı aşkar edilib.
18 yaşına çatmamış şəxslərin, litsey tələbələrinin və şagirdlərin səsverməyə cəlb olunması kütləvi hal alıb.
Bir sıra seçki məntəqələrində səs verən şəxslər nəinki həmin seçki məntəqələrinin, hətta müvafiq seçki dairəsinin ərazisində yaşamayan şəxslər olublar.
Əksər seçki komissiyaları səslərin sayılması prosesini, ümumiyyətlə həyata keçirməyib və əvvəlcədən tapşırılmış rəqəmləri protokollarda qeyd ediblər".
Yetərsay alınmayıb və referendum baş tutmayıb
"Qarabağ və Respublika Uğrunda" Vətəndaş Hərəkatına daxil olan siyasi partiyalar və ictimai təşkilatlar qeyd edir ki:
1) Konstitusiyaya əlavələr və dəyişikliklər haqqında 18 mart 2009-cu il tarixli referendum Azərbaycan Konstitusiyasının bir sıra maddələrinə zidd olaraq keçirilib;
2) Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, ölkədə referendumun azad və ədalətli keçirilməsi üçün normal demokratik şərait olmayıb.
Referendum ərəfəsində ölkədə müstəqil KIV-ə qarşı təzyiq və təqiblər davam edib; referendumun demokratik keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb; bütün seçki komissiyalarında hakim partiya nümayəndələri mütləq əksəriyyət təşkil edib; təşviqat qruplarına bərabərhüquqlu təbliğat imkanları yaradılmayıb; təbliğat və təşviqat imkanları, hətta əvvəlki seçkilərlə müqayisədə məhdudlaşdırılıb.
Seçki məntəqələrində referendum günü saxtakarlıqlar və qanun pozuntuları davam etdirilib. Bir çox seçicilərin seçki məntəqələrinə müxtəlif qeyri-qanuni üsullarla gətirilməsinə, demək olar ki, bütün seçki məntəqlərində "karusel" əməliyyatlarının həyata keçirilməsinə baxmayaraq, referendumda iştirak edənlərin ümumi sayı 15 faizdən az olub, referendumda iştirak edənlərin sayı seçki komissiyaları tərəfindən təqribən 5 dəfə şişirdilib.
3) Konstitusiyaya əlavələr və dəyişikliklər haqqında 18 mart 2009-cu il tarixli referendum azad və ədalətli olmayıb.
"Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qruplarının və bir çox müstəqil müşahidəçilərin verdiyi məlumatlara əsasən referendumda seçicilərin yalnız 15 faizdən azı iştirak etdiyindən, yetərsay alınmayıb və referendum baş tutmayıb.

Keine Kommentare:

Kommentar veröffentlichen