Donnerstag, 25. Juni 2009

5 ƏN VARLI MƏMURUN ADI AÇIQLANDI

26.06.2009 [08:55]
Nazirlərin hamıda şok yaradan sərvəti!
Kəmaləddin Heydərovun 25 milyard pulu var; Ziya Məmmədov 10-12 milyard dollarla ikincidir


“Kəmaləddin Heydərovun Azərbaycanda və Azərbaycandan kənarda daşınmaz əmlakı da daxil olmaqla sərvəti 25 milyard ABŞ dolları civarında hesablanır. Tikinti biznesi ilə yanaşı, istehsalla da məşğul olması onun sərvətini ciddi şəkildə artırıb. Amma iqtisadi krizis ona da təsirini göstərib”. Bu cümlələr pia.az saytının araşdırmasından götürülüb. Saytın əməkdaşları araşdırma apararaq Azərbaycanda ən varlı 5 məmurun kimliyini və onların əmlakının miqdarını müəyyənləşdirib. Saytın yazdığına görə, hazırda Azərbaycanın ən varlı məmuru siyahısına fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir.

Siyahıda ikinci yeri nəqliyyat naziri Ziya Məmmədov tutur: “Ziya Məmmədovun daşınmaz əmlakı da daxil olmaqla ümumi sərvəti 10-12 milyard ABŞ dolları civarında hesablanır. Amma Ziya Məmmədovun biznesinin böyük bir hissəsinin Rusiyada olması, iqtisadi krizis nəticəsində ciddi itkilərə məruz qalması ona təsir edib”.
Siyahıda üçüncü-beşinci yerləri prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Eyyubov, “AzAL” Dövlət Konserninin prezidenti Cahangir Əsgərov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bölüşdürürlər. Onların hər birinin sərvətinin 10 milyard ABŞ dollarına yaxın olduğu təxmin edilir. Sayt bu mövzuda daha maraqlı araşdırmalar aparacağını və məmurların gəlir mənbələrini yaxın günlərdə açıqlayacağını da anons edib.

Xatırladaq ki, dünyanın hər yerində zəngin adamların siyahısı hazırlanır. Amma sivil ölkələrdə bu siyahılar adətən rəsmi məlumatlara, vergi bəyannamələrinə əsaslanır. Azərbaycan kimi ölkələrdə isə bunun mümkün olmadığını anlamaq çətin deyil. Bununla belə, yerli zənginlərin sərvətinə ictimai marağın böyük olması belə siyahıların zaman-zaman meydana çıxmasına səbəb olub.
Qeyd edək ki, pia.az saytının təqdim etdiyi bu siyahı da azərbaycanlı məmurların sərvətinin miqyası barədə təsəvvür yaratmaq sahəsində ilk belə təşəbbüs deyil. Bu vaxta qədər də bu istiqamətdə araşdırmalar aparılıb, siyahılar, reytinq cədvəlləri hazırlanaraq dərc edilib. Məsələn, “ANS” Şirkətlər Qrupuna bağlı olan “Hesabat” jurnalı da 2005-ci ildə belə bir siyahı hazırlayıb təqdim etmişdi. Həmin siyahıda ölkənin 30 ən varlı Azərbaycan vətəndaşının adı vardı. O vaxt Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyən indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Hesabat”ın siyahısında da birinci yerdə idi. O, 4 il qabaq da ölkənin ən zəngin adamı sayılırdı.
Doğrudur, siyasi müşahidəçilər o vaxt bu siyahını hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “xidmətinin məhsulu” sayırdı. Belə hesab edilirdi ki, F.Əliyev onunla düşmənçilik edən K.Heydərovu “vurmaq” üçün özünə yaxın “ANS” Şirkətlər Qrupunun mətbu imkanlarından istifadə edib.
Buna baxmayaraq, fakt faktlığında qalır ki, Azərbaycanda zəngin adamlar var və bu zənginlərin hamısı məmurlardır. Onu da yada salaq ki, bu ölkədə əhalinin 80 faizə yaxını yoxsulluq həddində yaşayır. Bu ölkədə orta təqaüd 80 manatdır, maaşlar isə 150 manata yaxın.

Fuad ƏSGƏRLİ

676 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen