Montag, 23. Februar 2009

QARABAĞ DİALOQU GÜNDƏMƏ GƏLİR

QARABAĞ DİALOQU GÜNDƏMƏ GƏLİR
İsa Qəmbər: “Söhbət ən əvvəl Türkiyə və Azərbaycan dairələrinin məsələyə aydınlıq gətirməsindən gedir”
İqbal Ağazadə: “Öncə Ərdoğan iqtidarına müraciət etmək lazımdır”
Sərdar Cəlaloğlu: “ADP mövcud durumda siyasi dialoqu vacib sayır”
23.02.2009 [09:35]
23.02.2009 [17:55] 501 dəfə baxılıb

http://www.musavat.com/site/shownews.php?news_id=48561

Türkiyə hökumətinin Ermənistanla münasibətlərinin qurulması prosesində Qarabağ məsələsini arxa plana keçirməsi barədə mətbuat yazılarına birmənalı şəkildə aydınlıq gətirilməməsi ətrafında narahatçılıq səngimir. Üstəlik Azərbaycan rəsmilərinin məsələnin şərhindən yayınması ortada ciddi mətləblərin olmasının əlaməti sayılır. Belə olan təqdirdə Azərbaycan daxilində ərazi bütövlüyümüz, dövlətin və millətin ümumiləşmiş mövqeyinin formalaşdırılması və beynəlxalq aləmə çatdırılması ilə əlaqədar iqtidar-müxalifət dialoqunun reallaşdırılmasına ehtiyac olduğu bildirilir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər tələsik qərar verməyi düzgün saymır: “Türkiyənin xarici siyasətində müşahidə olunan dəyişikliklərlə bağlı Müsavat Partiyası rəhbərliyi bir müddət əvvəl öz mövqeyini bildirmişdi. Həmin bəyanatda deyilirdi ki, Türkiyənin və Azərbaycanın xarici işlər nazirlikləri tərəfindən məsələyə aydınlıq gətirilməsi faydalı olardı. Bizim bəyanatımızdan sonra Türkiyə və Azərbaycan rəsmiləri müəyyən açıqlamalar verdilər. Ancaq hələlik bütövlükdə Azərbaycan mediası kimi biz də bu açıqlamaları yetərli saymırıq. Eyni zamanda qərar verməyə, hansısa uzaqgedən nəticələr çıxarmağa tələsməyin də tərəfdarı deyilik. Hesab edirik ki, Qarabağ məsələsi, Azərbaycanın işğal altındakı torpaqlarının məsələsi təkcə Azərbaycanın yox, həm də Türkiyənin məsələsidir. Bu baxımdan inanmaq istərdik ki, Türkiyənin son zamanlardakı xarici siyasətdə, Ermənistanla münasibətlərdə atdığı addımların hansısa bir məntiqi var və o məntiq çox yaxın bir zamanda aydınlaşacaq”.
Müsavat başqanı xatırlatdı ki, dialoq məsələsi ilə bağlı mövqeyini 1999-cu ildə bildirib: “Bu mövzular ayrı-ayrılıqda önəm kəsb etdiyi üçün bunları hələlik bir-birinə bağlamağa ehtiyac yoxdur. Əgər Azərbaycanın müxalifəti də, hakimiyyət dairələri də, ictimaiyyəti də bu məsələ ilə bağlı bir-birinə kifayət qədər yaxın mövqe nümayiş etdirirlərsə, demək, burda situasiya aydındır. Söhbət Azərbaycan hakimiyyəti ilə müxalifət arasındakı dialoqdan yox, ilk növbədə Türkiyə hakimiyyət dairələri, eyni zamanda Azərbaycan dairələri tərəfindən məsələyə aydınlıq gətirilməsindən gedir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə dəqiq informasiya olmadığından bu tipli tədbirlərlə nəyəsə nail olmağı mümkün saymır: “Əks təqdirdə atılan addım mənasız və ya gərəkli olmaya bilər. Bəlkə indiyə qədər olmayan qaydada Türkiyə iqtidarına, AKP-yə müraciət etmək lazımdır. Məncə, parlamentdə imza toplamaq da mümkündür. Türkiyə iqtidarı bu məsələyə aydınlıq gətirsin, görək bu problemə necə yanaşır, deyilənlər nə dərəcədə həqiqətdir? Tutaq ki, Ərdoğan mövqe ifadə edir, amma danışıqlarda tərəf olan XİN susur. Mən Ərdoğanın mövqeyini daha çox daxili auditoriyaya, o cümlədən Azərbaycana hesablanmış bəyanat hesab edirəm. Rəsmi cavabdan sonra Azərbaycan tərəfinin istər siyasi partiyaların, istər iqtidar və müxalifətli bir yerdə Azərbaycan cəmiyyətinin mövqeyini ortaya qoymaq mümkündür. Amma informasiya olmadan bu məsələlərə münasibət bildirərkən yanlışlıq alınır. Yanlışlıq onda olur ki, biz informasiyamız olmadan Türkiyəni də suçlaya bilərik. Sabah məlum olar ki, əslində düzgün etməmişik. Yaxud çox yumşaq mövqe ifadə edə bilərik, amma daha böyük təhlükə olmuş olar”.
Hakimiyyətə ünvanladığı dialoqla bağlı müraciətləri indiyədək cavabsız qalan ADP sədri Sərdar Cəlaloğlu yenə də əvvəlki mövqeyində qaldığını bildirdi. Ancaq öncə Türkiyə hakimiyyətinin Qarabağla bağlı mövqeyinə münasibət bildirdi: “Türkiyənin siyasi dairələrinin verdiyi bəyanatdan birmənalı şəkildə ortalığa bu çıxır ki, rəsmi Ankara öz siyasətini Azərbaycan iqtidarı ilə razılaşdırılmış şəkildə aparır. Həqiqətən Türkiyənin Ermənistan siyasətində dəyişilmə varsa, bu o deməkdir ki, həmin dəyişikliklər məhz Azərbaycanla razılaşdırılıb. Faktiki olaraq bizim hakimiyyət Azərbaycan maraqlarına zidd şəkildə Türkiyə-Ermənistan əlaqələrinin yoluna qoyulmasına razılıq verib. Əks təqdirdə Azərbaycan hökuməti Ərdoğanın sözügedən bəyanatlarına aydınlıq gətirilməsini tələb etməlidir”.
ADP sədri dialoqu zəruri sayır: “İqtidar-müxalifət arasında uzun müddət davam edən düşmənçilik hər iki tərəfi deqrodasiyaya uğradıb. Bu isə cəmiyyətə yaxşı heç nə vəd eləmir. Məncə, bugünkü iqtidar və müxalifətdə kifayət qədər sanballı, ağıllı adamlar var ki, onlar birlikdə millətin intellektual sərvətini təşkil edir. Amma bu sərvətə birtərəfli qaydada yanaşmaq dövlətçilik şüuru ilə bir araya sığmır. Ona görə də nəinki Qarabağ məsələsində, bütün məsələlərdə, o cümlədən referendumla əlaqədar iqtidar-müxalifət məsləhətləşmələrinə çox böyük ehtiyac var. Bu baxımdan ADP mövcud durumda dövlətin və millətin maraqlarının müdafiəsində iqtidar-müxalifət münasibətlərinin yoluna qoyulması üçün siyasi dialoqu vacib sayır. Hətta biz beynəlxalq qlobal böhran yaranmamışdan dəfələrlə müraciət etmişdik ki, iqtidar və müxalifətin sanballı şəxslərinin iştirakı ilə antiböhran qrupu yaradılsın. Ancaq ”Tıq-tıq xanımın nağılı"ndakı kimi, sən əlini uzatdığın halda, qarşındakı əlini uzatmırsa, nə etmək olar?"
Elşad PAŞASOY

Keine Kommentare:

Kommentar veröffentlichen