Dienstag, 21. Juli 2009

AKP hökuməti PKK ilə birbaşa və ya dolayısı danışıqlara gedə bilər

21.07.2009 [19:32]

TÜRKİYƏDƏ KÜRD PROBLEMİNƏ DAİR SENSASİON TƏŞƏBBÜSLƏR
http://www.musavat.com/site/shownews.php?news_id=56871

Türkiyədə AKP iqtidarı avqustun sonlarına qədər kürd probleminin həlli ilə bağlı sensasion təşəbbüslərlə çıxış etməyə hazırlaşır. Bundan əvvəl isə PKK terror təşkilatının İmralı adasında saxlanılan lideri Abdullah Öcalan öz təkliflərini açıqlayacaq. Öcalanın təkliflərinin avqustun 15-də elan edilməsi gözlənilir. Bu arada AKP-dən olan kürd millət vəkillərindən bir neçəsi kürd problemini həll etməyin yolunun PKK ilə danışıqlar olduğu haqda açıqlamalar veriblər. Onların fikrincə, dövlət problemin həlli üçün PKK yaraqlılarına qarşı hərbi əməliyyatları dayandırmalıdır.

Hökumətin kürd problemi ilə bağlı təşəbbüslər hazırladığını əvvəlcə baş nazir Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Daha sonra prezident Abdullah Gül problemin həlli üçün tarixi fürsət yarandığını bildirərək şübhələri dərinləşdirib. Bu yumşalma mesajlarının ardınca PKK lideri Öcalan həbsxanadan terror təşkilatına atəşkəs təlimatı verib. Son olaraq Öcalan elan edib ki, hökumətdə yumşalma meylləri hiss etdiyi üçün atəşkəsi sentyabrın 1-nədək uzatmağı qərara alıb. PKK-nın siyasi uzantısı hesab edilən Demokratik Toplum Partiyası isə bildirir ki, Öcalan tərəfindən açıqlanacaq həll modelində sensasion təkliflər yer alacaq. Bildiirlir ki, Öcalan problemin həlli üçün hökumətlə danışıqlarda DTP-nin tərəf kimi qəbul edilməsini təklif edəcək. Lakin belə danışıqlar zamanı PKK-yal da birbaşa, yaxud dolayısı danışıqlar ola bilər.

AKP-dən Diyarbəkir millət vəkili İhsan Arslan isə “Aksam “ qəzetinə müsahibəsində deyib ki, hökumət məsələnin həlli üçün istər-istəməz PKK ilə danışmalı olacaq. Arslan kürd probleminin həlli üçün ümumi aministiya elan edilməsinə, dağdan enən terrorçulara iş verilməsinə, hətta silahlı qarşıdurmalarda öldürülən terrorçuların ailələrinə müavinət təyin edilməsinə çağırıb. Hökumətin açıqlamağa hazırlaşdıdığı çözüm paketinə Öcalanın da daxil edilib-edilməyəcəyi haqda suallara xarici işlər naziri Əhməd Davudoğlu konkret cavab verməyib. “Milliyət” qəzetinin əməkdaşı ilə söhbətində Davudoğlu deyib ki, Türkiyə öz sərhədlərinə terrora qarşı bütün tədbirləri bundan sonra da görməkdə davam edəcək. Nazir təsdiq edib ki, kürd problemini həlli ilə bağlı yeni konsepsiya hökumətdə müzakirə olunur, ancaq bu məsələdə dövlətin qurumlarındna kənar zəminlər axtaramağa ehtiyac yoxdur. Bununla belə, Davudoğlu Öcalanın nizamlama prosesindən tamamilə kənarda qalacağına dair konkret fikir deməyib.

Kürd probleminə və PKK terror təşkilatı ilə mübarizəyə dair sözügedən yanaşma Türkiyədə silahlı qüvvələrin mövqeyinə daban-dabana ziddir. Silahlı qüvvələr terrorçularla heç bir danışıqların mümkün olmadığını dəfələrlə bəyan edib, eyni zamanda bildirib ki, terrorun qarşısını hökumətin hesab etdiyi kimi sosial-iqtisadi təşəbbüslərlə almaq cəhdləri səmərəsizdir. Silahlı qüvvələr PKK terrorçuları ilə silahlı mübarizənin sonadək davam etdirilməsində israrlıdır. Lakin hökumət hətta Öcalanla gizli danışıqları nəzərdə tutan model üzərində fikirləşir və belə görünür ki, PKK-çılara geniş aministiya elan edilməsini nəzərdən keçirir. Hökumətin planında kürdlərə daha geniş milli-mədəni hüquqların verilməsi də nəzərdə tutula bilər.



Fərhad Məmmədov

576 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen