Donnerstag, 30. Juli 2009

Yeni Müsavat: "AZƏRBAYCANIN BANAN GİZLİNLƏRİ"

Moskvada 50 qəpiyə satılan bu meyvə bizdə 5 dəfə bahadır
Doğrudanmı Ermənistandan iki dəfə az banan yeyirik?
30.07.2009 [08:32]
30.07.2009 [15:32]
1332 dəfə baxılıb

Srağagün Moskvada bizim üçün qeyri-adi olan bir hadisə baş verdi. Çəkinmədən onu sensasiya da adlandırmaq olar. Lakin bizim üçün qeyri-adi, sensasiya sayılacaq bu hadisə Moskva üçün, ümumilikdə Rusiya üçün, dünyanın başqa ölkələri üçün adidən adidir.

Bəs nə baş verib? Srağagün Moskvada bananın 1 kilosunun qiyməti 20 rubla düşüb, yəni bizim pulla təxminən 50 qəpiyə. Bizdə isə onun qiyməti ən azı 2 manatdır. Əksər hallarda 2 manat 50 qəpik. Sensasiya deyilmi? Təklif edirəm ki, araşdırmanı axıracan oxuduqdan sonra bu suala qəti cavab verəsiniz. Üstəlik, biləsiniz ki, 50 qəpiyə ala biləcəyiniz, ən kasıb ailənin də doyunca alıb yeyə biləcəyi bu dadlı, faydalı və kalorili meyvənin niyə baha olmasının çox sadə səbəbi var.
Amma bəribaşdan deyim ki, bu gün siz bananın ən yüksək qiymətə satıldığı bir ölkədə yaşayırsınız. Yəni Azərbaycan hazırda bütün dünyada bananın ən yüksək qiymətə satıldığı ölkədir. Bu, fərziyyə və təxmin deyil, konkret müqayisələrdən sonra dəqiqləşdirilmiş bir nəticədir. Hətta iyun ayında Norveçdə olarkən xüsusi maraqlandım, əksər illərdə dünyanın ən baha şəhəri seçilən paytaxt Osloda da banan bizdəkindən ciddi fərqlə ucuzdur.
Moskvadakı ucuzlaşmaya gəldikdə isə onu da deyim ki, illərdir banan Moskvada bizdəkindən xeyli aşağı qiymətə satılır, elə Tiflisdə də, İrəvanda da. Sadəcə indi qiymət bir az da düşüb. Bazar belə diqtə edir!

Mənim banan gündəliyim

Bundan öncə dəfələrlə müraciət etdiyim banan mövzusu mənim üçün hələ də aktualdır. Əvvəlcə bananın qiymətinin bizdə qonşu ölkələrdən xeyli yüksək olmasından başlamışdım. Məsələn, «Banan nəzəriyyəsi» adlı yazım yalnız ovqatdan və iqtisadi təhlildən ibarət idi. İnhisarın ölkəmizdə qiymətləri nə qədər yüksək dərəcədə artıra bilməsi, inhisarın ağlasığmaz miqyası və acı nəticələri haqqında olan bu yazı siyasi nəticə ilə bitirdi. İnhisar hakimiyyəti təmsil edən adamların qazanc üsuludur və onlar banan kimi ucuz və bol məhsulları məhz bu yolla qızıl qiymətinə sata bilirlər. Halbuki bir çox ölkələr onu sata bilmədiyi üçün hər il milyonlarla ton toplanmış məhsulunu çürüdüb torpağa qatır.
Sonra bu mövzu məni Uqandaya apardı. Bananın ölkəmizdəki qəribə taleyi ilə maraqlanarkən Uqanda prezidentinin də etiraz dolu çıxışları ilə rastlaşdım. Yoveri Museveni dünyadakı ticarət sisteminin ədalətsizliyindən narazılıq bildirən bəyanatları ilə məşhurdur. Bu diktatorun çıxışlarında həqiqət vardı. O, deyir ki, Avropa qəhvəni onlardan 1 dollara alıb 12 dollara satır, onların isə baha satmaq imkanları yoxdur. Lakin Museveninin daha böyük dərdi bananla bağlıdır. BBC-nin yaydığı bir müsahibədə deyirdi ki, Uqandanın istehsal etdiyi bananın hər il 40 faizini, bəzən daha çoxunu alan olmur. Hər il onun ölkəsi 10 milyon ton banan yığır, lakin sata bilmədikləri üçün bunun ciddi hissəsi çürüyüb zay olur. Günahkar isə Uqanda prezidentinin sözlərinə görə, inkişaf etmiş ölkələrdir. Bu ölkələr sudan ucuz qiymətə aldıqları məhsulu özlərində o qədər baha satırlar ki, həmin məhsullara tələbat azalır. Halbuki normal qiymət çürüyən bananlara da müştəri və tələbat yaradardı.
Bu da bananın taleyi! Bizim şikayət etdiyimiz bahaçılıq, inhisar, ona və onu yığanlara da böyük bir talesizlik yaşadır.

Ən çox siyasiləşmiş meyvə, yaxud Uqandaya baş tutmayan səfərim

«Bananın taleyi» ilə bağlı yazımdan sonra mən Uqanda ilə yazışmağa başladım. Dəvətlərə baxmayaraq, bu ölkəyə gedə bilmək imkanı tapmadım, lakin bir diktatorla «dost», «həmfikir» oldum. Bir daha əmin oldum ki, banan doğrudan da siyasi meyvədir.
«Banan respublikası» ifadəsini eşitmisiniz, onun siyasi anlamını da bilməmiş olmazsınız. Lakin bananın siyasiləşməsi rəmzi məna daşımır. Onun bir çox ənənələrdə yer alması, simvolik mənalara girməsi bir yana qalsın, banan həmişə siyasətin ortasında olub.
Hətta alman nasistləri ötən əsrin 30-cu illərində banana qadağa qoymuşdu. Almanlar bu meyvəni çox sevirdi, lakin faşist hökuməti bu sevgiyə xərclənən valyutanı ölkədə saxlamaq üçün banana qadağa qoydu, əvəzində zəhmətkeşləri inandırırdılar ki, banan çox ziyanlıdır, insanı zəhərləyir, onun əvəzinə yerli almanı yemək lazımdır. «Berlin divarları» aradan qalxanda isə şərqli almanlar ödənilməyən banan iştahası ilə hamını təəccübləndirdi. Banan qarınqululuğu edib qarınağrısına düşənlər, mədəsini pozanlar xəstəxanalara müraciət edirdi.
Yenidənqurma illərində SSRİ-də də bananla bağlı az qəribəliklər olmadı. İlk günlər banan 7 rubla satılırdı.
Yəqin bunu da bilirsiniz ki, 60-cı illərdə dünyada banan müharibələri və inqilabları baş verib. Bir çox ölkələr bananı müstəqil şəkildə yetişdirmək və satmaq uğrunda müharibə və inqilablardan keçiblər. Özünüz düşünün, banan bir çox ölkələr üçün elə indi də ixracatın əsasını təşkil edir və bu da həmin ölkələrin mövcudluğu üçün vacib şərtdir. Neft ölkələri olduğu kimi, banan ölkələri də var.
Hazırda «dollar-banan»la (ABŞ-ın nəzarətində olan bananı belə adlandırırlar) «avro-banan» (İngiltərə və Fransanın nəzarətində olan banan) arasında mübarizə gedir. Müxtəlif ölkələr banan satmaq kvotasını artırmaq, alıcı ölkələrdəki ixrac şərtlərinin yüngülləşdirilməsi üçün mübarizə aparırlar. Ümumdünya Ticarət Təşkilatına daxil olan banan şikayətləri səngimir və bu barədə məhkəmələr də getməkdədir.

Banan bizdə niyə qızıla dönüb?

Mən hamısının adlarını çəkməyi lazım bilmirəm, amma üzdə olan bütün müstəqil iqtisadçılar, ekspertlər hesab edir ki, çox ucuz qiymətə olan bu məhsulun Azərbaycanda həddən çox baha olmasının yalnız bir səbəbi var, bu da inhisardır. Satışın bir əldə cəmləşməsidir. Xaricdən ölkəyə qızıl da gətirmək olar, amma bircə yeşik banan gətirə bilməzsən. Banan inhisarı qədər möhkəm və daimi inhisar da təsəvvür edə bilməzsiniz. Məhz bunun nəticəsində onu istədikləri qiymətə sata bilirlər. Bu, çox yaxşı qazanc mənbəyidir. Belə alverin tayı-bərabəri yoxdur.
Birdən sizdə sual yarana bilər ki, bəs bu meyvənin yığıldığı ölkələrdəki satış qiyməti nə qədərdir? Xatırladım ki, ən keyfiyyətli bananın ən baha qiyməti 30 senti (25 qəpiyi) aşa bilməz. İstehsalçılar (mal sahibləri) bundan baha bananı heç bir yerdə təklif etmirlər. Bir şeyi də nəzər alın ki, Azərbaycanda satılanlar heç də ən yaxşı sort banan deyil.

Bananı ölkəyə kim gətirir?

Bu sualın bir cavabı belədir: gözəgörünməz qüvvə. Dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinə sorğu yolladıq. Sorğuda aşağıdakı suallar vardı:
- Azərbaycanda neçə şirkət banan idxalı ilə məşğul olub və onlar hansılardır?
- 2008-ci ildə Azərbaycana idxal olunan bananın miqdarı nə qədərdir?
- Hazırda banan ölkəmizə hansı qiymətlərlə daxil olur?
- Banana qoyulan gömrük rüsumu nə qədərdir?
Lakin heç bir cavab almadıq. Komitə qanunlara məhəl qoymayaraq bananla bağlı məlumatları gizlədir. Sorğuya cavab verməkdən imtina edir. Bizdə olan məlumata görə, bu məsələ komitənin öz işçiləri üçün də qapalı mövzudur. Bu, gömrüküstü bir biznesdir. Fəqət gerçəklik xalq arasında gəzən şayiələrdə, indiyəcən mətbuatda gedən yazılarda olduğu kimidir. Bu biznes prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun nəzarətində olan bir sahədir. Bundan artığını heç kim bilmir.
Mənə kömək edən bəzi həmkarlarımla bazarlarda araşdırma apardıq. Yalnız bir şey bəlli oldu. Banan Xırdalanın yaxınlığındakı Atyalı ərazisindəki bazaların birindən maşınlarla bazara daşınır. Oradan topdansatış olur. Satış zamanı heç bir sənəd, qaimə, çek verilmir. Bu maşınlar son illər «8-ci kilometr bazarı»nda dayanır. Bütün Azərbaycan isə bananı bu maşınlardan alır. Bazarlarda da hesab edirlər ki, banan general Bəylər Əyyubovun adamlarının nəzarətindədir.

Gülüş yaradan rəqəmlər, yaxud ermənilərdən iki dəfə az banan yeməyimiz

Uzun axtarışlardan sonra bir şeyi dəqiqləşdirdim. Rəsmi sənədlərə görə, 2008-ci ildə Azərbaycan 9,4 min ton banan idxal edib. Bu, çoxdur, yoxsa az? Maraqlıdır, əhalisi bizdən iki dəfə az olan Ermənistan 18,2 min ton banan idxal edib. Bu, miqdar baxımından bizdəkindən iki dəfə çox edir, əhalinin sayı nisbətində isə 4 dəfə çoxdur. Ekspertlərə görə, 9,4 min ton banan təkcə «Jalə» şirələrinin damlalarına, yəni bu zavodun tələbatına bəs edərdi. Yəni bu miqdar gömrükdə tam sənədləşdirilməyən banan idxalının yalnız cüzi bir hissəsidir. Qalan malın sənədləşdirilmədən ölkəyə gətirilməsi şübhə doğurmur.
Əmin olmaq olar ki, elə Ermənistanda da gömrük maxinasiyaları var. Gəlin bu halda ölkəyə daxil olan nə qədər bananın gömrük və vergi rüsumlarından yayındırılmasını daha yaxşı təsəvvür etməyə çalışaq.
9,4 min ton banan idxalı o deməkdir ki, Azərbaycanda ildə adambaşına 1 kq banan yeyilir. Halbuki bu göstərici Rusiyada 6,6, Türkiyədə 5, Rumıniyada 6, Əlcəzairdə 4-dür. Avropa ölkələrində isə 10-dan yuxarıdır.
Ayrıca Ukraynanı götürək. 2008-ci ildə bu ölkə 297 min ton banan idxal edib. Ukraynanın əhalisi bizdən təxminən 5 dəfə çoxdur. Həmin nisbəti götürdükdə biz 60 min ton banan idxal etməli idik. Amma guya biz 20 min tona da ehtiyac duymamışıq.
Onu da xatırladım ki, bananın qiymətinin yüksək olmasında gömrük rüsumunun çox olması heç bir rol oynamır. Çünki ona tətbiq edilən gömrük rüsumu elə də çox deyil. Rəsmi gömrük kodu 080300 olan bu məhsula tətbiq edilən rüsum səviyyəsi 15 faizdir.

Analoqu olmayan banan və ya rekord qiymət

Ötən bazar günü Avrostatistikanın yeni nəticələrinə göz yetirdim. Bu ay Rusiya ATƏT ölkələri arasında ərzaq qiymətlərinin ən çox bahalaşdığı ölkədir. Moskvanın dünyanın ən bahalı şəhərləri sırasına daxil olduğunu da bilirsiniz. Burada bananın qiymətinin 20 rubla düşməsi isə göstərir ki, bu, dünyadakı ümumi prosesin nəticəsidir. Banan satışı bütün dünyada asanlaşır, az qiymət belə onu satan ölkələri qane edir. Üstəlik, son illər banan satışında dünyada çox ciddi «islahatlar» olub.
Xatırladım ki, 1975-ci ildə Avropa İqtisadi Təşkilatı banan idxalı ilə bağlı xüsusi qaydalar tətbiq etmişdi. İngiltərə və Fransanın koloniyası olmuş 48 ölkə ilə gömrük rüsumu tətbiq etmədən banan ticarəti aparmaq barədə müqavilə imzalanmışdı. Bunlar əsasən Afrika ölkələri idi. Qalan ölkələrdən olan banan ixracı həm gömrük rüsumuna cəlb edilirdi, həm də lisenziyalaşdırılırdı, üstəlik, onlara çox aşağı kvota tətbiq edilirdi. Əslində, bu qayda Latın Amerikası ölkələrinə qarşı ciddi qadağalar tətbiq etmək idi.
2000-ci ildə Ekvador Ümumdünya Ticarət Təşkilatı çərçivəsində ardıcıl etirazlarının nəticə verməməsinə əsaslanıb Avropa Birliyini məhkəməyə verdi və məhkəmədə qalib gəldi. Lakin yalnız 2006-cı ildən Avropa Birliyi bu iddia ilə razılaşdı. Gömrük rüsumları rejimi qalsa da lisenziyalaşma ləğv edildi, satış kvotaları isə hamı üçün eyni oldu.
Bu, bütün dünyada banan ticarətinə müsbət təsir etməyə başlayıb. Təkcə Azərbaycandan başqa. İllərdir ölkəmiz dünyanın ən bahalı bananı yeyir. Bu mənada biz indi 1 nömrəli banan ölkəsiyik.

Banan nəyə xeyirdir?

Dünyada 400 növ banan var. Lakin onun yalnız kavendiş növü yeyilir. Normalda kavendişin uzunluğu 14 sm-dir. Bundan uzunu daha çox kraxmallıdır deyə Afrikada onları ya kartof kimi qızardır, ya da ondan pivə hazırlayırlar.
Bananda çoxlu kalium var - bu da ürəyə xeyirlidir, infarkt riskini azaldır. Stressi aradan qaldırmağa kömək edir. Ondakı kraxmal isə mədə xəstəliklərinə qarşıdır. Banan C və B6 vitaminləri ilə zəngindir. Həm də dünyada ən kalorili meyvədir. Banan orqanizmi şlaklardan təmizləyir. Qanda xolesterini aşağı salır. Yorğunluğu aradan qaldırır, yaxşı pəhriz növüdür, dərini gözəlləşdirir. Uşaqlardan qocalara qədər hər kəs ondan fayda tapır. Bir sözlə, doğrudan da onun çox üstünlüyü və özəlliyi var.
Hələ ağıllı başbilənlərimizi, inhisarçılarımızı demirəm. Onlar banandan qızıl «düzəldə» bilirlər.

P.S. Bu araşdırma zamanı mənə öz dəyərli köməyini əsirgəməyən tanınmış iqtisadçı Vüqar Bayramova təşəkkürümü bildirirəm.

Şahvələd ÇOBANOĞLU

Keine Kommentare:

Kommentar veröffentlichen