Dienstag, 4. August 2009

Məleykə xanımın acı gülüşü…

http://azadliq.az/?p=19612

* 4 August, 2009, 16:30


meleyke-abbaszade5…Bu da düz 11 il əvvəl «islahatçı nazir» tozanağı ilə kresloya əyləşən M.Mərdanovun «islahatçılığı»nın sonu
Məzunların bu il buraxılış və qəbul imtahanlarında göstərdiyi nəticələr indi cəmiyyətin bütün dairələrində geniş müzakirə olunmaqdadır.
Vəziyyət doğrudan da acınacaqlıdır: onların 32 faizinin məktəbdə yiyələndiyi bilik və bacarıqlar attestat almalarına kifayət etməyib, ali təhsil iddiasında olanların isə 60 faizə yaxını 200-dən aşağı bal toplayıb. Yəni “qeyri-kafi” qiymət alıb. Aralarında da çoxlu sayda “buraxılış imtahanı əlaçısı”. Bu durumun bircə adı var: IFLAS!
Büdcənin milyardlarını, ailələrin və Heydər Əliyev Fondunun milyonlarını acgözlüklə sümürüb dinozavra çevrilmiş qarınqulu təhsil sisteminin xalqın gələcəyi ilə qorxulu oyun oynadığı barədə mətbuat neçə illərdir ki, “SOS” siqnalı verir, təhsil müəssisələrində korrupsiya və rüşvətin günü-gündən çiçəklənib dövlətçilik və müstəqillik anlayışlarını baltalamasından yazır. R.Ibrahimbəyov, Ç.Abdullayev kimi dünyaca ünlü ziyalılar, millət vəkilləri, yazıçılar, təhsil mütəxəssisləri vəziyyətin dözülməzliyi ilə bağlı haray çəkir. Amma eşidən yoxdur ki, yoxdur!
“Təhsil Azərbaycanın üz qaralığıdır!” - bu sözləri ötən il xalq yazıçısı Ç.Abdullayev müsahibələrinin birində demişdi. Kimə məlum deyil ki, bu ranqlı ziyalıların səsləndirdiyi fikirlərin ünvanı adi cəmiyyət üzvləri deyil. Ziyalının əlindən özgə nə gəlir ki?!
Builki acınacaqlı durumun bir özəlliyi də var. Məzunlar məktəbdə oxuduqları 11 ilin hamısını (1998-2009) nazir M.Mərdanovun rəhbərliyi altında keçiriblər. “Riyaziyyat” və “Informatika” fənlərinə aid bilikləri onun “dillər əzbərinə çevrilmiş dərslikləri” əsasında öyrəniblər. Bir sözlə, təpədən-dırnağa professorun yetirmələridir. Yetişdirə bilmədiyi yetirmələri…
Qloballaşan dünyada yaşamaq uğrunda amansız rəqabətə hazırlanmamış zavallı gənclərin qaranlıq gələcəyinin, göyə sovrulmuş milyonların hesabını indi kim verəcək? Zabitlər əsgərlərin böyük bir hissəsinin döyüş hazırlığı üçün vacib olan ən sadə hesab əməllərini belə yerinə yetirə bilmədiklərindən dəhşətə gəldiklərini bildirirlər. Axı onları qarşıda düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olunması üçün texnoloji döyüşlər gözləyir… Daha nə baş verməlidir ki, diqqət təhsilin xərabəliklərinə yönəlsin?
…Bu da düz 11 il əvvəl “islahatçı nazir” tozanağı ilə kresloya əyləşən M.Mərdanovun “islahatçılığı”nın sonu. O, təhsilin hansı sahəsində irəliləyişə nail oldu? Dağılmış bağça və peşə təhsili sistemindəmi, milləti dünyada başıaşağı etməkdə olan ali təhsildəmi? Yoxsa əsas vəzifəsi “fondpulu-jurnalpulu” oyununa çevrilmiş orta məktəb təhsilindəmi?
Əgər attestat alverinə qurşanmış təhsil şöbə müdirinin seyfindən 2 milyon manat çıxırsa, bunun hesabını təkcə seyf yiyəsimi verməlidir? Onu bu vəzifəyə təyin edən, əməllərinə “göz yuman” yetkililər heçmi günahkar deyillər? Əgər onlar vəzifəyə təyin etdikləri kadrların əməllərinə görə məsuliyyət daşımaq istəmirlərsə, onda icazə versinlər həmin şəxsləri pedaqoji kollektivlər və valideyn şuraları seçsinlər ki, günahkarı da özləri olsunlar…
Belarusiya məktəblərinin şagirdləri son illərdə beynəlxalq fənn olimpiadalarından 262, Qazaxıstan şagirdləri 252 medal gətiriblər. M.Mərdanovun təhsilə rəhbərlik etdiyi 11 ildə Azərbaycan şagirdləri heç bunun onda biri qədər də medal qazanmayıb. Qonşu Gürcüstanda indi bu sahəyə xaricdə mükəmməl təhsil almış, demokratik dünyagörüşlü 30-35 yaşlı gənclər rəhbərlik edir. Məktəblərə direktoru müəllim-valideyn-şagird assosiasiyaları seçirlər. Müəllimi işə özüm götürməliyəm - deyən M.Mərdanov isə onlarla “fikir mübadiləsi”nə “təhsildə güclü tabeçiliyin üstünlükləri”ndən dəm vuran üç pensiyaçı məmuru göndərib Azərbaycan təhsilini qonşu ölkədə gülüş obyektinə çevirir.
Təhsilimizə yalnız xaricdə yox, ölkə içində də gülürlər. TQDK sədri M.Abbaszadənin iyulun 31-də mətbuat konfransında səsləndirdiyi bu sözləri diqqətlə oxuyun: “Elə məktəblərimiz var ki, onlar ancaq 200 ballıq abituryentləri oxuda bilirlər. 200 ballı abituryentlər onlar üçün çox böyük hədiyyədir!”
Vicdanını sağlam saxlamağı bacaran yüksək vəzifəli bir məmur Azərbaycan reallığında xalqın başında oynanan komediyaya özgə hansı formada gülə bilər?! Onun acı gülüşünün nə anlama gəldiyini ancaq qanmazlıq istedadı olanlar başa düşməz!..
S.Novruz

Keine Kommentare:

Kommentar veröffentlichen