Mittwoch, 30. September 2009

TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASI İLK İCLASINI KEÇİRDİ | Yeni Musavat

TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASI İLK İCLASINI KEÇİRDİ | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
30.09.2009 [09:02]
TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASI İLK İCLASINI KEÇİRDİ

İllik büdcəsi 300 min avro olacaq quruma gənc YAP-çı baş katib təsdiqləndi

Dünən Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası keçirildi. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Oral Muxamedjanov və Qırğızıstan Respublikası Jogorku Keneşinin (Milli Məclis) sədri Aytibay Taqayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edirdi. Türkmənistan və Özbəkistan isə açıqlanmayan səbəblərə görə iclasa qatılmamışdı.Qeyd edək ki, hazırda quruma daxil olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanı assambleyada spikerlər və hər ölkədən beş deputat təmsil edir. İclası Mili Məclisin sədri Oqtay Əsədov açaraq iştirakçıları salamladı və TürkPA-nın yaradılmasını uğurlu addım kimi dəyərləndirib hər kəsi təbrik etdi. Spikerin sözlərinə görə, belə bir qurumun yaradılması türkdilli ölkələrin əlaqələrinin gücləndirilməsinə təkan verəcək, regionda sülhə və sabitliyə kömək edəcək. Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin dedi ki, növbəti sessiya 2010-cu ilin oktyabrında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. O bildirdi ki, növbəti illərdə sessiyalar rotasiya qaydası ilə quruma daxil olan digər ölkələrdə keçiriləcək. TürkPA-nın yaradılmasını tarixi addım kimi dəyərləndirən M.Ə. Şahin Türkmənistan və Özbəkistanın da quruma cəlb olunması üçün səy göstərəcəklərini də vurğuladı.
Fasilədən sonra TürkPA-nın nizamnaməsi, katibliyin əsasnaməsi qəbul olundu, qurumun baş katibi və assambleyaya daxil olan digər üç ölkənin hər birindən bir nümayəndə onun müavini seçildi. Bir nəfər yalnız bir dəfə baş katib ola bilər. Müavinlər isə bir daha katiblikdə heç bir vəzifədə təmsil olunmamaq şərtilə iki müddətə seçilə bilərlər. Daha sonra birinci plenar iclasın yekun sənədi - Bakı Bəyannaməsi qəbul olundu. Əldə edilmiş razılaşmaya görə, assambleyanın katibliyi Bakıda yerləşəcək və 6 nəfərdən ibarət tərkiblə fəaliyyət göstərəcək - baş katib, onun köməkçisi, baş katibin iki müavini, maliyyə, arxiv, dəftərxana işləri üzrə katib və köməkçi katib. Qurumun illik maliyyə xərci 300 min avro təşkil edəcək. Katibliyin büdcəsi 15 paydan ibarətdir. Gəlirinə görə 8 payı Türkiyə, 4 payı Qazaxıstan, 2 payı Azərbaycan, 1 payı Qırğızıstan ödəyəcək. Vəsaitin 153.144 avrosunu (170.160 manat) maaşlar təşkil edir. Assambleyanın baş katibinin aylıq maaşı 3250, onun iki müavininin maaşları isə 3000 manatdır. Qurumun katibliyinə xüsusi avtomobil də alınacaq. Bunun üçün büdcədə 21.000 avro (25.200 manat) nəzərdə tutulub.
Qəbul olunan nizamnaməyə görə, baş katib ölkələr üzrə əlifba sırası ilə müəyyənləşməlidir. O səbəbdən də ilk baş katiblik Azərbaycana verilib. Azərbaycanın namizədi Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Ramil Həsənov oldu. O, 4 il bu quruma rəhbərlik edəcək. “Türkdilli Ölkələrin Parlament Assambleyasında üç komissiya fəaliyyət göstərəcək”.
İclasda nümayəndə heyətlərinin səsvermə proseduru qaydaları da müəyyənləşib. Bu qaydalara görə, hər nümayəndə heyətinin bir səsi olacaq. Hər nümayəndə heyəti 6 nəfərdən (parlament sədrindən və beş deputatdan) ibarət olacaq. Qeyd edək ki, iclasda bəzi müzakirələr rus dilində aparıldı. Ancaq əksər çıxışlar tərcümə edilirdi.
Sammitin yekununda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin spikerləri jurnalistlər üçün brifinq keçirdilər. Bu zaman onlar bir daha qurumun yaradılmasını mühüm hadisə kimi dəyərləndirdilər. Milli Məclisin mətbuat katibi Akif Nəsirov Bakı Bəyannaməsinin mətnini təqdim etdi. Sənəddə bildirilir ki, Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərməyə çalışacaq, regional və qlobal təhlükəsizliyi qorumaq məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi üçün əlverişli siyasi meydan açacaqdır.
TürkPA-nın Azərbaycan nümayəndə heyətinə daxil olan millət vəkili İkram İsrafil toplantını dəyərləndirərkən bildirdi ki, qurumun baş katibinin Azərbaycandan seçilməsi, eyni zamanda katibliyin Bakıda fəaliyyət göstərməsi barədə qərar önəmlidir: “TürkPA-da fəaliyyət göstərən deputatlar ölkələr arasında istər iqtisadi, istər siyasi, istərsə də humanitar sahələrlə bağlı əlaqələrin genişlənməsinə dəstək olacaqlar. Əsas önəmli və diqqətçəkən digər bir məsələ ondan ibarətdir ki, PA-da Türkmənistan və Özbəkistanın olmaması sədrlər tərəfindən vurğulandı və onlar bu ölkələrin də TürkPA-da təmsil olunmasına çalışacaqlarını qeyd etdilər”. İ.İsrafil təəssüf doğuran bir məqamı da qeyd etdi. Bildirli ki, Bakı Bəyannaməsinə əlavələrin olunması üçün çıxış etmək arzusunda olsa da, vaxt azlığı buna mane olub: “Mən düşünürdüm ki, Bakı Bəyannaməsində türkdilli dövlətlərin Qarabağın işğaldan azad olunması ilə bağlı mövqeyi ortada olacaq. Bu ölkələr Ermənistana hansısa çağrıda buluna bulərdi. Xüsusən də Türkiyə-Ermənistan danışıqlarının getdiyi bir dönəmdə Türkiyə tərəfinin buna maraqlı olacağını gözləyirdim. Bu, olmadı. Hər halda, TürkPA-nın fprmalaşmasının özü türkdilli dövlətlərin əlaqələrinin bundan sonra da yaxşılaşdırılması istiqamətində mühüm bir addımdır. Millətimiz və dövlətimiz üçün xeyirli olsun”.
Elşad PAŞASOY

45 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen