Sonntag, 13. September 2009

“XATİRƏ İSLAM RZAYEVİN NÜFUZUNA XƏLƏL GƏTİRİR”

Onlayn ictimai-siyasi qəzet
13.09.2009 [08:28]

Mərhum sənətkarın yaxınları müğənnidən “İslam” təxəllüsünü geri götürməyi tələb edir

Müğənni Xatirə İslamın “İslam” təxəllüsünün dələduzluqda ittiham olunan bankir və onun oğlu İslam Yusifovla əlaqəli olması barədə xeyli vaxtdır mətbuatda məlumatlar dolaşır. Xatirə isə hər dəfə deyir ki, bu adı xalq artisti, mərhum müğənni İslam Rzayevin şərəfinə götürüb. Qeyd edək ki, Xatirəyə fəxri ad verilməsi üçün İslam Yusifovun bir deputata xeyli məbləğdə pul verməsi məlumatı ilə əlaqədar İ.Yusifov redaksiyamıza gələrək bəzi açıqlamalar vermişdi.

İ.Yusifov redaksiyada olarkən müğənni ilə, o cümlədən həmin mövzuya aid olan bəzi tanınmış şəxslərlə bağlı mətbuata çıxarmamaq şərti ilə bəzi açıqlamalar verdi. Biz də bəzi nüansları (kimlərinsə xəstəliyini, kritik böhran həddində olmasını) nəzərə alıb mövzunu müvəqqəti olaraq qapadıq.
Lakin Xatirə İslam efirlərdə, mətbuatda dayanmadan bildirir ki, onun mövqeyini öyrənmədən qəzetimiz ziyanına olan məlumat dərc edib. Srağagün də müğənni ANS-in “Günəbaxan” verilişində dedi ki, onunla bağlı mətbuata qərəzli şəkildə məlumatlar ötürülür. Müğənni dedi ki, bu məlumatı guya qəzetimizə onunla ciddi rəqabətdə olan, qalmaqallar üzrə məşhurlaşmış həmkarı ötürür. Həmçinin bir daha vurğuladı ki, onun “İslam” təxəllüsü məhz İslam Rzayevlə bağlıdır. Müğənni hətta İslam Rzayevlə bağlı kitab buraxdırdığını, öz vəsaiti hesabına tədbir keçirdiyini də xüsusi vurğuladı.
Əvvəlcə onu qeyd edək ki, müğənni ilə bağlı heç bir həmkarı qəzetimizə məlumat verməyib və bu heç bir halda mümkün ola bilməz. Digər tərəfdən Xatirənin fəxri ad alması üçün bir deputata pul verilməsi xəbərini də ilk dəfə “Bizim yol” qəzeti yazıb, biz isə onlara istinad etmişik.
Müğənninin Azərbaycan ifaçılıq mədəniyyətində böyük xidmətləri olan, mərhum sənətkar, xalq artisti İslam Rzayevlə bağlı açıqlamalarına gəlincə, bu məsələyə onun yaxınları bir neçə dəfə öz etirazlarını bildiriblər. Dünən də mərhum sənətkarın yaxınları - bacısı Səfurə Səlimova, bacısı qızları Arzu, Cəmilə, Lətifə və həyat yoldaşı Leyla xanım da daxil olmaqla redaksiyaya müraciət edərək, Xatirənin İslam Rzayev barəsində danışdıqlarından narazılıqlarını bildirdilər. Yaxınları dedilər ki, müğənni Xatirə ustad sənətkarın digər tələbələrindən fərqli olaraq İ.Rzayev barəsində yerli-yersiz danışmaqla özünü reklam etmək məqsədi güdür. Bu isə mərhum sənətkarın nüfuzuna xələl gətirir: “Biz tövsiyə edərdik ki, müğənni Xatirə sənət aləmində İslam Rzayevin başqa tələbələri kimi öz adı, istedadı, ifa üslubu ilə tanınsın. İslam təxəllüsünü isə öz soyadından götürsün. Yerli-yersiz İslam Rzayevin adını çəkməklə nə özünü nüfuzdan salsın, nə də İslam Rzayevin ruhuna və bizlərə narahatlıq gətirsin”.

“İslam Rzayevin təbiəti də ifası kimi yumşaq, təmkinli idi”

Dünən İslam Rzayevin yaxınları ilə görüşmək üçün mərhum sənətkarın bacısının evində olduq. Səfurə xanımın alçaqtavanlı, alaqaranlıq mənzilində üç böyük fotoşəkil və iri bir tablo vardı. Şəkillərdən ikisindən İslam Rzayevin gülümsər çöhrəsi boylanırdı. Səfurə xanım digər iki fotoşəkilə də diqqətlə baxdığımı görüb izahat verdi: “Oğlumla, həyat yoldaşımdır. Oğlum dünyasını dəyişəndən sonra çox sarsıntı keçirdim. Elə buna görə də İslam xəstə olduğu anlarda onun adından sui-istifadə edənlərə öz etirazımı bildirmək iqtidarında deyildim. Amma indi susmaq istəmirəm. Özünü İslam Rzayevin yaxınları - həyat yoldaşı, nəvəsi kimi təqdim edən şəxslərin əslində onunla heç bir qohumluğu yoxdur. Onun qanuni həyat yoldaşı Leyla xanımdır. Onların bir qız övladı oldu, amma körpə ikən dünyasını dəyişdi”.
Tez-tez kövrələn Səfurə xanım uşaqlıq cağlarını xatırladı: “Biz ailədə üç övlad olmuşuq. Atam 1945-ci ildə İkinci Dünya müharibəsində həlak olub. Anam Nabat bizi yetimçiliklə böyüdüb. İslam bizə həm ata olub, həm də qardaş. O, nəinki qohum-əqrəbaya, yad adamlara da qayğıkeşlik göstərən, sakit, təmkinli adam idi. Bəlkə də heç bir oğul İslam kimi ana-bacı istəyən olmazdı”.

Seyid Şuşinskinin sevimli tələbəsi

Səfurə xanım qardaşından fərəhlə danışmaqda davam edir: “İslam təbliğ olunmağı sevməzdi, onun xidmətlərindən danışanda ərki ötən adamlara irad tutardı. O, muğam bilicisi Seyid Şuşinskinin ən sevimli tələbələrindən olub. Dünyanın 78 ölkəsində Azərbaycan mədəniyyətini təbliğ edib. İslam Rzayevin vaxtilə rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblının bir çox solistləri həm də onun tələbələri olub. Vaxtilə o, Şövkət Ələkbərova, Arif Babayevlə birgə Azərbaycanın rayonlarını gəzib ən istedadlı uşaqları üzə çıxarmışdı. Könül Xasıyeva, Aybəniz Haşımova, Xeyransa Məmmədova, Nuriyyə Hüseynova, Aygün Bayramova, Zahidə Məmmədsalahova kimi muğam ifaçıları o zaman üzə çıxdı. Çoxlarının adını unutmuşam, bunu sənət dostları bilər. Əhsən Dadaşov, Qulu Əsgərov, Həbib Bayramov evimizin ən sevimli qonaqlarından olub”.

“İslamın xəstə vaxtlarından istifadə edib şou yaratdılar”

S.Səlimova İslam Rzayevin qavalını müğənni Xatirəyə bağışlaması barədə yayılan məlumatlar barədə də danışdı. Sənətkarın şəxsi arxivində olan əşyaları üzə çıxardı: “Şəxsi arxivində onun üçün qiymətli olan nə vardısa - bax bu lent yazıları, sədəf qavalı, sədəf tarı, bu şəkillərin hamısını dünyasını dəyişməzdən əvvəl qızım Arzuya verdi. Arzunu o böyüdüb, anamız Nabatın adını da indi Arzunun qızı yaşadır. Ona görə ən çox ona ərk edərdi. Necə ola bilər ki, İslam Aygün Bayramova kimi bir sanballı tələbəsini qıraqda qoyub, qavalını öz xahişi ilə bir il ondan dərs almaq niyyətində olan Xatirəyə bağışlasın? Bu İslamın xəstə anlarından istifadə edilib yaradılan şou idi. Onun üçün ən qiymətli olan qaval bax budur. Görürsünüz sədəf üzərinə də öz adını həkk etdirib. Əgər layiqli davamçısı olsaydı, İslam bu qavalı ona bağışlayardı. O, özü isə Üzeyir Hacıbəyovun, Niyazinin, Seyid Şuşinskinin davamçısı idi”.

“Qardaşıma layiq olmayan kitab buraxdılar, prezidentin bağışladığı mənzili ələ keçirdilər”

Bu ittihamları da Səfurə xanım irəli sürür: “Xatirə xanım tez-tez İslam Rzayev barəsində buraxdırdığı kitab haqda da fəxrlə danışır. O kitab bizim marağımızda deyil, çünki İslam Rzayevin belə ucuz təbliğata heç zaman ehtiyacı olmayıb. Kitabın sənətkarlar tərəfindən qiymətləndirilməsinə gəlincə, İslamın rəhbərlik etdiyi ansamblın solistlərindən olan Fərman Cəfərov efir vasitəsilə dedi ki, o kitab İslam Rzayevə layiq deyil. Dövlət onun xidmətlərini lazımınca qiymətləndirib. Hətta İlham Əliyev ona Fəxri Xiyabanın yanında 3 otaqlı mənzil bağışlayıb. Amma təəssüf ki, İslamın təzyiqi yüksək olanda onun xəstə vəziyyətindən istifadə edərərk saxta yolla mənzilini ələ keçirdilər. Çox istərdim ki, o mənzil geri alınsın, əvəzində onun doğma Füzuli rayonunun işğal altında olmayan bölgəsində İslam Rzayev adına musiqi məktəbi açılsın. Yaxud o mənzilin müqabilində qocalar evinə, uşaq evinə, bir imkansız məcburi köçkünə, yersiz-yurdsuz Qarabağ müharibəsi əlilinə kömək edilsin”.
Xalq artisti, professor İ.Rzayev kimi bir sənətkarın xidmətlərindən bəhs etmək başqa bir vaxtın mövzusudur. Amma qeyd edək ki, onun adının bu gün efirlərdə, mətbuatda əsas rol oynayan şou-biznesdə səslənməsi həm ictimaiyyətdə, həm də mərhum sənətkarın sənət dostları arasında narazılıq doğurur. Ötən il xalq artisti, kaman ifaçısı Habil Əliyev mətbuatda çıxış edərək bu məsələyə öz etirazını bildirmişdi: “İslam Rzayevin Xatirədən də layiqli tələbələri olub. Lakin onlar heç vaxt adının qarşısında onun adını yazmayıb. Çünki onlarda sənət var. Hansı ki Xatirədə yoxdur. İndi kim necə bacarırsa, o cür də özünü reklam edir. Atasını, soyadını danan adam, muğamı necə qoruyacaq?!.”
Xalq artisti, professor Arif Babayev mərhum sənətkarın adının şou-biznes aləmində çəkilməsinə belə münasibət bildirdi: “İslam Rzayev mənim ən çox hörmət etdiyim sənət dostum olub. İndi aramızdan gedib, Allah ona qəni-qəni rəhmət eləsin. Çox sağ olun ki, onu yad edirsiz. Amma Xatirə İslamın onun adını hallandırmasına mən heç nə deyə bilmərəm. Bu məsələdə hər halda nə olubsa, rəhmətlik İslam müəllimlə Xatirə özü bilər”.
Xalq artisti, xanəndə Mənsum İbrahimli: “İslam Rzayev Azərbaycan mədəniyyəti sahəsində böyük xidmətləri olan tək-tək sənətkarlardandır. O, Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı idi. Biz muğam ifaçılığı sənətini belə sənətkarlardan öyrənmişik. Əlbəttə, İslam müəllimin adının şou-biznesdə çəkilməsi bir həmkar olaraq məndə də narahatlıq doğurur və hesab edirəm ki, buna heç bir ehtiyac yoxdur”.

S.HİLALQIZI

437 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen