Samstag, 17. Oktober 2009

APA - Prezident İlham Əliyev: “Danışıqlar prosesində Dağlıq Qarabağa heç 100 ildən sonra da müstəqilliyin verilməsi məsələsi

APA - Prezident İlham Əliyev: “Danışıqlar prosesində Dağlıq Qarabağa heç 100 ildən sonra da müstəqilliyin verilməsi məsələsi

Prezident İlham Əliyev: “Danışıqlar prosesində Dağlıq Qarabağa heç 100 ildən sonra da müstəqilliyin verilməsi məsələsi ümumiyyətlə müzakirə olunmur”
[ 17 Oktyabr 2009 11:36 ]
“Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır, bu, artıq uzun illərdir ki, razılaşdırılmış məsələdir”

Bakı-APA. “Azərbaycan Ordusu bu regionda ən böyük hərbi potensiala malik ordudur”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı deyib. O, bu potensialın daha da artırılmalı olduğunu deyib: “Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında danışıqlar əfsuslar olsun, hələlik heç bir nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistan tərəfi danışıqlar prosesində vaxt uzatmaq taktikasını tətbiq edir. Bu, yenilik deyil, danışıqların müxtəlif mərhələlərində biz bunu görmüşük. Müəyyən həlledici məqamlarda onlar daha əvvəl razılaşdırılmış məsələləri bir daha müzakirəyə çıxarmaq istəyirlər. Bu, əvvəllər də olub, əfsuslar ki, biz bunu bu mərhələdə də görürük. Bəzi hallarda həm biz, həm də məsələ ilə məşğul olan vasitəçilər bunu çox böyük təəccüblə qarşılayırıq ki, bir il, ya üç il bundan əvvəl razılaşdırılmış məsələ yenidən, sanki yeni bir mövzu kimi ortalığa atılır. Bunun yeganə izahı ola bilər ki, o da qəsdən vaxt uzatmaqdır. Çünki Ermənistan tərəfi praktiki addımlar atmalıdır. O addımlar da ondan ibarətdir ki, Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağın ətrafında yerləşən torpaqlardan çıxarmalıdır. Bu, artıq uzun illərdir ki, razılaşdırılmış məsələdir. Bu məsələdə heç bir başqa fikir ola bilməz. Yenidən bu məsələyə qayıtmağın və razılaşdırılmış digər məsələlərə yenidən qayıtmağın yeganə izahını biz bunda görürük: həlledici məqamlarda vaxtı süni şəkildə uzatmaq və əslində, danışıqlar prosesinə zərbə vurmaq. Biz isə öz prinsipial mövqeyimizdən geri dönməyəcəyik”.

Dövlət başçısı bildirib ki, danışıqlar prosesində əldə edilmiş bütün nailiyyətlərgələcək proses üçün gözəl, yaxşı bir əsasdır: “Digər tərəfdən, münaqişənin ərazi bütövlüyü prinsipləri çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi danışıqlar prosesində və razılaşdırılmış məsələlərdə öz əksini tapıb. Danışıqlar prosesində və müzakirə olunan məsələlərdə Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra belə müstəqilliyin verilməsi ümumiyyətlə müzakirə olunmur və bu, heç vaxt olmayacaqdır. Ona görə biz çalışırıq ki, məsələ beynəlxalq birlik tərəfindən tanınmış norma və prinsiplər əsasında tezliklə həll olunsun. O da ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməli, Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdır. Bu da danışıqlar prosesində öz əksini tapan bir məsələdir. Ondan sonra sülhməramlı qüvvələr tərəfindən sülhməramlı missiya həyata keçiriləcəkdir. Biz buna etiraz etmirik. Dağlıq Qarabağa müvəqqəti status verilə bilər. Ancaq bu, müstəqillik demək deyildir və gələcək danışıqlar prosesində iki tərəf – Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında müzakirələri davam etdirəcəklər. Əsas prinsiplər budur. İndi bu prinsiplər ətrafında indi danışıqlar aparılır və ümid edirəm ki, Ermənistan tərəfi danışıqlarda konstruktivlik göstərib tezliklə məsələnin həlli üçün lazımi addımları atacaqdır”.

Dövlət başçısı Ermənistanın təcrid olunmasının bu ölkənin öz rəhbərlərinin fəaliyyəti nəticəsində baş verdiyini deyib: “O da sirr deyil ki, bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırsın. Ola bilsin onlar indi hesab edirlər ki, onların uzun illər təcrid olunmuş vəziyyətdə yaşamalarına son qoyulur. Mən bu fikirləri bölüşmürəm və bölgədə gedən proseslər, Azərbaycanın bölgədə fəal iştirakı, Azərbaycan tərəfindən irəli sürülmüş bütün təşəbbüslər – siyasi, iqtisadi və başqa təşəbbüslər, Azərbaycanın bölgədə və dünyada artan rolu, əlbəttə, heç vaxt imkan verməyəcək ki, Ermənistan təcrid olunmuş vəziyyətdən çıxsın. Ermənistanın təcrid olunması onun öz rəhbərlərinin fəaliyyəti nəticəsində baş veribdir. Əgər Ermənistan işğal olunmuş torpaqlardan çıxsa, biz bütün kommunikasiyaları açmağa hazırıq və onda bölgədə sülh və əməkdaşlıq yarana bilər, ölkələrin təhlükəsizliyi təmin oluna bilər. Bölgədə Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan heç bir müsbət irəliləyiş mümkün deyildir. Çünki bölgənin əsas problemi Ermənistan-Azərbaycan münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Bu məsələni kənara qoyub, hansısa başqa məsələni həll etmək məncə, həm siyasi, həm də mənəvi cəhətdən düzgün deyildir. Digər tərəfdən, mən hesab edirəm ki, bu, mümkün deyildir. Çünki Azərbaycanın artan imkanları bunu qoymayacaqdır. Biz öz milli maraqlarımız uğrunda axıra qədər mübarizə aparacağıq. Bizim mübarizəmiz ədalət mübarizəsidir, haqq-ədalət bizim tərəfimizdədir. Əlbəttə ki, biz öz milli maraqlarımızı istənilən yollarla müdafiə edəcəyik”.

Prezident İlham Əliyev bölgədə status-kvonun dəyişməsini ən çox istəyən ölkənin Azərbaycan olduğunu deyib: “Çünki bu status-kvo bizim torpaqlarımızı 20 ilə yaxındır ki, işğal altında saxlayır. Ancaq bu status-kvo mənfi tərəfə yox, müsbət tərəfə dəyişməlidir. Əgər status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik. Birinci məsələ həll olunmalıdır - Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq”.

Dövlət başçısı Azərbaycanın mövqeyinin heç kəs üçün sirr olmadığını vurğulayıb: “Mən bilirəm ki, Azərbaycanın mövqeyi heç kim üçün sirr deyildir. Biz bunu dəfələrlə rəsmi və qeyri-rəsmi formatda bildirmişik, öz prinsipial mövqeyimizi ifadə etmişik və izah etməyə çalışmışıq ki, Azərbaycanın iştirakı olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz: nə siyasi, nə diplomatik, nə iqtisadi, nə enerji, nə nəqliyyat, nə hansısa başqa məsələ. Bu, reallıqdır. Bu, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər. Amma bu, reallıqdır və bu reallıqları biz yaratmışıq. Bu reallıqları öz işimizlə, öz məqsədyönlü fəaliyyətimizlə, Azərbaycanı gücləndirərək, iqtisadi və siyasi potensialımızı gücləndirərək, enerji siyasətimizi uğurla və ağılla apararaq biz yaratmışıq. Vaxt keçdikcə bizim bölgədə olan mövqeyimiz daha da güclənəcək, təsir imkanlarımız daha da güclənəcək, iqtisadi, siyasi, diplomatik, hərbi gücümüz daha da güclənəcəkdir və hamı bununla hesablaşmalıdır. Mən bir daha bildirmək istəyirəm ki, bunu hamı bilsin: Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək”.

bu xəbər 25 dəfə oxunub

Keine Kommentare:

Kommentar veröffentlichen