Donnerstag, 22. Oktober 2009

HAKİMİYYƏT KRİTİK DURUMA DÜŞÜB | Yeni Musavat

HAKİMİYYƏT KRİTİK DURUMA DÜŞÜB | Yeni Musavat




Onlayn ictimai-siyasi qəzet
22.10.2009 [09:59]
HAKİMİYYƏT KRİTİK DURUMA DÜŞÜB

Azərbaycanda vəziyyətin hər an dəyişəcəyi gözlənilir
Rəsmi Bakı böyük güclərlə konfrontasiyadadır, ABŞ ondan himayəsini çəkib; AKP iqtidarı müxalifətimizlə anlaşma əldə edib...

Regionda olduqca önəmli, müəyyən mənada hətta proqnoza yatmayan proseslər start götürüb. Bu proseslər bölgə ölkələrindəki siyasi rejimlərin taleyinə də təsirsiz ötüşə bilməz. O sırada Azərbaycan iqtidarının durumunu təhlil etməyə xüsusi lüzum var.

Ən azı o səbəbdən ki, Azərbaycan Güney Qafqazın açar ölkəsi olmaqla yanaşı, Qarabağ münaqişəsi də regionun açar münaqişəsidir. Bu münaqişənin həllində yeni fazanın başlaması, yaxud bu yöndə ciddi cəhdlərin edilməsi isə fərqli imperativlərin yaranması və yerli hakimiyyətlərə qarşı böyük güclərin yeni tələb-çağırışların ortaya çıxması deməkdir.

***

Azərbaycan hakimiyyətinin cari durumunu təhlil etdikdə maraqlı mənzərə ortaya çıxır. Sirr deyil ki, iqtidarın əsas dayaqlarını uzun müddət daxili faktorlar yox, xarici amillər şərtləndirib. Hakimiyyətin daxili dayaqları bir ortabab azad seçkiyə tab gətirməyəcək dərəcədə kövrəkdir; bunu hamı bilir. İqtidarın uzun illər ictimai rəyə sayğısızlığının, müxalifətlə hər hansı təmas qurmamasının kökündə də məhz xarici amillərə, neft-qaz faktoruna arxayınçılıq dayanıb.
Lakin məsələ də ondadır ki, xarici dəstək baxımından hakimiyyət artıq yetərincə ağır dövrə qədəm qoyub. Müşahidələr göstərir ki, hər şeydən öncə hakimiyyətin dünyanın bir nömrəli dövləti ABŞ-la münasibətləri əməllicə soyuqlaşıb. Əslində bu münasibətlər kritik durumdadır. Böhranlı durum isə məhz demokratların namizədi Barak Obamanın Ağ Evə sahiblənməsi ərəfəsində başlayıb.
Bu münasibətlərin kritikliyi əvvəllər özünü büruzə verməsə də tədricən qabarıq şəkil alıb və dərinləşir. Böhran xüsusilə də prezident İlham Əliyevin Obamanın Türkiyədən etdiyi təkidli dəvətlərindən imtina etməsindən sonra özünü aydın şəkildə göstərir.
Görünür, soyuqluğun nəticəsidir ki, Əliyev Obamanın dövründə bircə dəfə də ABŞ-a rəsmi dəvət almayıb. Son vaxtlar Amerikaya gedən yüksək çinli Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə insan haqlarının ağır durumu və siyasi həbslərlə bağlı sərt tənqidlərə tuş gəlib. Öz növbəsində Amerikadan bura yüksək çinli məmur demək olar ki, ayaq basmayıb, yalnız xırda ranqlılar gəlib (xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtona bununla bağlı bir dəfə irad da bildirib). Halbuki Buş dönəmində müdafiə naziri Donald Ramsfeld, vitse-prezident Dik Çeyni Bakıya təşrif buyurmuşdu. Maraqlıdır ki, hörmətli İ.Əliyevin özü də ötən ay BMT Baş Məclisinin sessiyasına qatılmaq üçün Nyu Yorka getmədi. Hərçənd sessiya çərçivəsində Obama ilə onun təmasları real idi.

***

Rəsmi Bakı ilə ABŞ hökuməti arasında soyuqluğa dəlalət edən başqa faktor Enn Dersidən sonra Amerikanın Azərbaycana hələ də səfir təyin etməməsidir. Bəzi qənaətlərə görə, soyuqluğun kökündə duran səbəblər sırasında Obamanın Amerikanın enerji lobbisinin təmsilçisi olmaması və o, iş başına keçər-keçməz Azərbaycanda Qərb radiolarının orta dalğada yayımının dayandırılması olub. Söz düşmüşkən, Obamanın köməkçilərindən biri beləcə də demişdi ki, əgər andiçmə mərasiminədək radiolar açılmasa, bu, yeni prezidentə yaxşı mesaj olmayacaq. Radiolar isə nəinki açılmadı, üstəlik, sanki Qərbin acığına Azərbaycanda siyasi həbslər davam etdi. Gənc bloggerlər tutuldu və maraqlıdır ki, ABŞ dövlət katibi Hillari Klinton səviyyəsində onlara azadlıq tələb edilsə də gənclər indiyədək həbsdədir.

***

Mövzuya dəxli olan daha bir neçə əhəmiyyətli detal barədə. Obamanın inauqurasiyası ərəfəsində məlumat yayılmışdı ki, yeni prezidentin iş stolunun üstündə Azərbaycanda radioların bağlanması ilə bağlı məsələ var. Lakin bu plan fiasko oldu, yəni Obamanın ilk siyasi uğursuzluğu kimi tarixə düşdü. ABŞ prezidenti bir neçə dəfə öz çıxışında Azərbaycanın adını Afrikanın banan ölkələri ilə yanaşı çəkib və tənqid edib. Nəhayət, beynəlxalq maliyyə böhranı məsələsi. Ekspertlər hesab edir ki, böhran xüsusilə neftlə zəngin avtoritar rejimlərin dayaqlarını zəiflətmək üçün düşünülüb. Böhranı idarə edən də ki, bəllidir - ABŞ.
Bu arada həmçinin Nyu York Cənub Məhkəməsində bəzi hakimiyyət yetkililərinin adının da yer aldığı Kojeni işinin hələ də açıq saxlanması gərək diqqətdən yayınmasın. Çünki söhbət dünya siyasətini yönləndirən ABŞ dövlətindən gedir. O ABŞ ki, hakimiyyətin neçə illərdir öz arxasını söykədiyi və sayəsində manevrlər etdiyi Rusiyanı da yavaş-yavaş öz təsir dairəsi altına almağa, “sözəbaxan” etməyə girişib. Rusiyanın iqtisadiyyatını, nüvə potensialını, ambisiyalarını nəzarətə götürməyə başlayıb. İstisna deyil ki, bu, müəyyən gizli sövdələşmələrin nəticəsidir. Amma yekun dəyişmir - Vaşinqtonla Moskva Buş dönəmindən fərqli olaraq strateji məsələlərdə gerçəkdən də yaxınlaşmaq kursu götürüb.
Obamanın Avropada yeni raketdən müdafiə sisteminin ləğvi barədə qərarından sonra münasibətlərdəki ilıqlaşmanı görməmək mümkünsüzdür. Türkiyə ilə Ermənistan arasında imzalanan Sürix sazişi bu ilıqlaşmanın ilk işartılarından sayıla bilər. Digər işartı kimi ABŞ müdafiə nazirinin müavini Aleksandr Verşbounun srağagün Tiflisdə, Kremlin qulağının dibində verdiyi bəyanat hesab edilə bilər. ABŞ yetkilisi açıq dedi ki, ölkəsi Gürcüstanın NATO-ya girməsinə və bu ölkənin hərbi qüdrətinin lazımi səviyyəyə çatdırılmasına kömək edəcək. Bu, artıq siyasi ritorikanın dəyişməsidir.
Unutmayaq ki, ABŞ və Rusiya Qarabağ məsələsində əsas vasitəçi dövlətlər və qarantorlardır, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən ikisidir, yəni BMT qərarlarına təsir gücünə malik dövlətlərdir. Bu da o anlama gəlir ki, nəinki Qarabağ məsələsində, siyasi hakimiyyətin taleyi məsələsində də günlərin birində bu iki güc anlaşa bilər...

***

Hakimiyyətin qardaş Türkiyə ilə münasibətləri də yaxşı dövrünü yaşamır. Son bayraq krizisinədək bu münasibətləri bəlkə də normal saymaq mümkün idi. Çünki Azərbaycan hakimiyyəti AKP iqtidarı ilə yanaşı Türkiyənin milli-demokratik müxalifəti və mediası səviyyəsində də eyni dərəcədə rəğbət yiyəsi idi. Lakin Türkiyə türkləri üçün olduqca həssas məsələ olan bayraq məsələsində iqtidarın son yanlışlıqları görünür ki, Ərdoğan hökuməti ilə birgə ölkə müxalifətini də məyus duruma soxub. Necə deyərlər, hakimiyyət bayrağımızla bağlı normal reaksiya versə də atdığı addım yanlış olduğundan özünü bir növ yandırdı. Qardaş ölkə siyasi elitasının öz nəzərlərini Azərbaycan iqtidarından çəkməsinə zəmin yaratdı.

***

Cənub qonşumuz İranla Azərbaycan iqtidarının münasibətlərinə gəlincə isə bu münasibətlərin səviyyəsini “Səhər” telekanalından iqtidarımızın ünvanına vaxtaşırı səslənən “sionizmə dəstəkçilər” ittihamından asanca görmək olar. İsrail prezidenti Şimon Peresin Bakıya rəsmi səfərindən sonra İran səfirinin Bakını tərk etməsi və soyuqluğun özünü daha qabarıq göstərməsi də gərək təəccüblü görünməyə.
Sözü ona gətiririk ki, yaxın və orta perspektivdə Azərbaycan hakimiyyətini əsla rahat günlər gözləmir. Ona həm Qarabağ məsələsində, həm də digər istiqamətlərdə çarpaz xarici təzyiqlər güclənə bilər. Əliyev hökumətinə Qərbin, ABŞ-ın, digər qlobal və regional güclərin etimad limitinin tükənmək üzrə olduğu da istisna deyil. Azərbaycan rəhbərliyinin bu durumdan necə, hansı siyasi, inzibati, maddi resurslar hesabına çıxacağı isə çox maraqlıdır.
Belə vəziyyətdə Azərbaycanın demokratik müxalifətinin şansları sövq-təbii artmış kimi görünür. Əlbəttə, bunlar nəzəri şanslardır. Çünki onları reallaşdırmaq, narazı xalqı təşkilatlandırıb sivil mübarizəyə aparmaq, dinc hakimiyyət dəyişikliyinə nail olmaq müxalifətin missiyasıdır. Azərbaycan müxalifəti isə sosial sifariş olan “Vahid hədəf uğrunda, vahid liderlə!” problemini hələ də çözə bilməyib; sözün həqiqi mənasında birlik nümayiş etdirməyib; üzücü və mənasız daxili çəkişmələrlə zaman-zaman özünü taqətdən salıb. Bir çox hallarda Qərbi tərəddüddə saxlayan da elə bu olub.

***

Bu məqamda onu deyə bilərik ki, Türkiyə mənbələrindən əldə etdiyimiz məlumatlara görə, AKP iqtidarı Azərbaycan müxalifəti ilə müəyyən bir (gizli) anlaşma əldə edib. İlham Əliyevin siyasi rəqiblərinə Ankaradan hər cür dəstək vəd edilib. Rəsmi Ankara Türkiyə müxalifətinin AKP iqtidarına qarşı kəskin və arqumentli təzyiqlərinin arxasında Bakının dayandığına inanır və buna cavab verməyə hazırlaşır. Hər şeyə rəğmən AKP iqtidarını Türkiyədə ciddi şəkildə sıxışdırmağı bacaran Əliyev iqtidarını Ərdoğan hökuməti də eyni şəkildə Bakıda sıxışdırmağa hazırlaşır. Azərbaycanın efir məkanını demək olar ki, tamamilə tutmuş və artıq hər bir azərbaycanlının evinə girmiş Türkiyə televiziyalarında Bakıdakı müxalifətə geniş yer vermək kifayətdir ki, revanş baş tutsun.
Onsuz da çətin durumda olan və bundan sonra sürəkli ciddi təzyiqlərə məruz qalacaq Azərbaycan hakimiyyəti demokratik müxalifətin fəallaşması ilə daha da fəna vəziyyətə düşə bilər. Siyasi ortam, geopolitik gəlişmələr, Qərbin və Türkiyənin indiki iqtidarlarının maraqları Azərbaycan müxalifətinin əhəmiyyətini artırır, onun şanslarını yüksəldir. Rəsmi Bakının son bayraq krizisi (Şəhidlər Xiyabanından Türkiyə bayraqlarını yığışdırmaq kimi yanlış qərarı-red.) isə onu həm Türkiyədə, həm də Azərbaycanda qınaq hədəfinə çıxarıb. Müxalifətimizin əl-qolunu açması, iqtidarın üstünə getməsi, Türkiyə iqtidarı timsalında qüdrətli bir müttəfiq qazanması üçün hər cür şərait var. Bircə qalır həmin şəraitdən yararlanmaq və irəli getmək.
Son vaxtlar ənənəvi müxalifətin, özəlliklə də AXCP və Müsavatın fəallaşması, dirçəlməsi, müəyyən toplantı və aksiyalara getməsi onu göstərir ki, dostlarımız bu şansların fərqindədir. Parlament seçkilərinə bir il qalmış siyasi səhnədə ciddi gəlişmələr müşahidə olunur. Bu gəlişmələr Azərbaycanda, eləcə də regionda böyük siyasi dəyişikliklərə gətirib çıxara biləcək bir sürəcin əsasını qoyub.
Doğrudur, parlament seçkiləri hakimiyyətin taleyini bilavasitə həll etmir, lakin Qərbin, ABŞ-ın güclü maraqları olarsa, demokratik qüvvələrə stavka edilərsə, müxalifət isə əsas problemini çözərsə, hakimiyyət dəyişikliyi üçün münbit zəmin yarana bilər. Proseslərin narıncı inqilab yönündə inkişafı da mümkündür. Hər halda, ABŞ-ın, Rusiyanın, Türkiyə və İranın Azərbaycan müxalifəti ilə konfrontasiyası yoxdur...

Siyasət şöbəsi

2808 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen