Dienstag, 13. Oktober 2009

“PROBLEMİ HEYDƏR ƏLİYEVİN DÖNƏMİNDƏ ÇÖZMƏK DAHA ASAN İDİ” | Yeni Musavat

“PROBLEMİ HEYDƏR ƏLİYEVİN DÖNƏMİNDƏ ÇÖZMƏK DAHA ASAN İDİ” | Yeni Musavat



Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyanın Moldova paytaxtı Kişinyovda keçirilən görüşünün detalları hələ ki məlum deyil. Ancaq ABŞ səfirliyində baş tutan görüşün 3 saatadək davam etməsi və yekunda növbəti görüşün hazırlanması haqda xarici işlər nazirlərinə tapşırıqların verilməsi bəzi mülahizələrə yol açıb.Məlumata görə, prezidentlərin həm görüşdən əvvəl, həm sonra yaxşı ovqatda olduğu nəzərə çarpıb. Dövlət başçıları mediaya hər hansı açıqlama verməyiblər. Danışıqlar haqda bilgi verən həmsədrlər prezidentlərin yaxın gələcəkdə yeni görüşə hazır olduqlarını vurğulayıblar. Amerikalı həmsədr Robert Bradtke deyib ki, prezidentlər beynəlxalq vasitəçilərin təqdim etdiyi sülh planına dair yeni təkliflər veriblər.
Bu təkliflərin nədən ibarət ola biləcəyini soruşduğumuz politoloq Vəfa Quluzadə danışıqlarda hər hansı irəliləyişlərə nail olunmadığını bildirdi. Dövlət başçılarının Madrid prinsiplərinə təkliflər verməsinə də ciddi yanaşmadı: “Təklif ola bilər ki, gələn dəfə masa üzərində çayla yanaşı, kofe də olsun”. Keçmiş dövlət müşaviri görüşün ABŞ səfirliyində keçirilməsinə də əhəmiyyətli bir məsələ kimi baxmır: “Mən səfirliklərdəki bu tip görüşləri çox görmüşəm. Bunların hamısı iş görüntüsündən başqa bir şey deyil. Masanın üzərində hər iki tərəf üçün qeyri-məqbul olan çərçivə sazişi var. Bir gün o sazişi qəbul etdirəcək və toy-bayram edəcəklər. Amerika və Rusiya maraqlıdır ki, bu vəziyyət çox davam etsin”. Ekspert pessimist olduğunu dedi: “Bu problemi Heydər Əliyevin vaxtında həll etmək daha asan idi, nəinki indi. Üstəlik, Türkiyə düşmənlə sərhədlərini açmaq istəyir. Elə isə kimə və nəyə ümid edəsən?”
Politoloq Rasim Musabəyova görə, Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşündən xüsusi gözləntilər olmayıb: “Görüşün yekunlarına dair sənəd imzalanmayıb və bu, əvvəldən də nəzərdə tutulmamışdı. Ən yaxşı halda nizamlanma prinsiplərinin razılaşdırılmasını və hər dövlət başçısının öz ölkəsinin Xarici İşlər Nazirliyinə çərçivə sazişi hazırlamaq tapşırığı verməsini gözləmək olardı. Amma iş bu yerə də çatmayıb. Ancaq danışıqların müsbət atmosferdə keçdiyini qeyd etmək olar ki, bu da tərəflərin mövqelərinin bir qədər yaxınlaşdığını düşünməyə əsas verir”. R.Musabəyovun fikrincə, Madrid prinsipləri əsasında danışıqlar prosesi hansısa finala yaxınlaşır, “müsbət, ya mənfi - bu, artıq başqa məsələdir”. Onun sözlərinə görə, Qarabağ münaqişəsində status-kvonun saxlanması get-gedə daha da çətinləşir.
Konfliktoloq Elxan Mehdiyevin qənaətincə, hətta Türkiyə-Ermənistan yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə mümkün müsbət təsiri də Azərbaycana yaxşı heç nə vəd etmir. E.Mehdiyev əmindir ki, həmsədrlərinin irəli sürdüyü Madrid prinsipləri faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yönəlib: “Kosovodakı vəziyyətdən fərqli olaraq Dağlıq Qarabağ məsələsində beynəlxalq vasitəçilər Azərbaycanı Qarabağın ondan sülh yolu ilə ayrılmasına razı salmağa çalışırlar”. E.Mehdiyevin sözlərinə görə, Madrid prinsipləri Dağlıq Qarabağı kağız üzərində Azərbaycanın ərazisi kimi tanıyır: “Əslində isə bu prinsiplər Azərbaycan ərazisində iki dövlətin - Dağlıq Qarabağ və Azərbaycan dövlətlərinin yaradılmasına, onlar arasında hansısa formal əlaqələndirici qurumların yaradılmasına yönəlib”.
Elşad PAŞASOY

3385 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen