Samstag, 10. Oktober 2009

XAİN SAZİŞ BU GÜN İMZALANIR | Yeni Musavat

XAİN SAZİŞ BU GÜN İMZALANIR | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
10.10.2009 [09:54]
XAİN SAZİŞ BU GÜN İMZALANIR

Türk öz düşməni ilə «dost» olur
Azərbaycan və Türkiyə vətənpərvərlərinin xəyanət hesab etdikləri protokolların imzalanmasına Hillari Klinton, Sergey Lavrov və Bernar Kuşner şahidlik edəcək

Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına dair iki il əvvəl İsveçrədə başlayan gizli danışıqlarla əsası qoyulan proses bu gün yekunlaşır. İki ölkə arasında diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin inkişafını nəzərdə tutan, hələ 7 ay əvvəl paraflanaraq ictimaiyyətlərdən gizli tutulan protokollar İsveçrənin Sürix şəhərində dünyanın superdövlətlərinin təmsilçilərinin hüzurunda imzalanacaq. Xəbər verildiyi kimi, protokolların oktyabrın 10-da imzalanacağı barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən sonra bəyanat verib. Lakin son ana qədər Ermənistan tarix barədə rəsmi bəyanat vermirdi və hətta Türkiyə tərəfinin açıqlamasını «tələskənlik» adlandırmışdı. Nəhayət, prezident Serj Sərkisyan erməni diasporu ilə görüşlərini başa vuraraq İrəvanda Təhlükəsizlik Şurasının iclasını keçirib və protokolların bu gün imzalanması haqda yekdilliklə qərar çıxarılıb. Sərkisyan erməni diasporunun güclü etirazları ilə qarşılanmasına və getdiyi hər yerdə «xain» elan edilməsinə baxmayaraq, protokolların imzalanmasına qərar verib. Bu da Ermənistan prezidentinin dünyanın supergüclərindən-ABŞ, Rusiya və Fransadan hakimiyyətini qorumaq barədə güclü təminat aldığını göstərir. Məlum olub ki, imza mərasiminə həmin ölkələrin də yüksək səlahiyyətli təmsilçiləri şahidlik edəcək.
Ötən gün ABŞ Dövlət Departamenti təsdiq edib ki, dövlət katibi Hillari Klinton Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı protokolların imzalanması mərasimində iştirak edəcək. Bu barədə açıqlama ilə Birləşmiş Ştatların Dövlət Departamenti çıxış edib. Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Filipp Qordon jurnalistlərə deyib ki, Hillari Klinton sənədlərin imzalanması mərasimini izləmək üçün bu gün Sürixdə olacaq: «O, Türkiyə və Ermənistan üçün tarixi addıma dəstəyimizi nümayiş etdirmək üçün İsveçrəyə səfər edəcək». ABŞ Dövlət Departamentinin məlumatına görə, İsveçrə XİN Hillari Klintonla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovu, Fransanın xarici işlər naziri Bernard Kuşneri və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Havyer Solananı da dəvət edib. Onların hamısı Sürixə səfər etməyə razılıq veriblər. Hillari Klinton Sürixdən sonra London, Dublin, Belfast, Moskva və Kazan şəhərlərinə səfər edəcək.
Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko da təsdiq edib ki, xarici işlər naziri Sergey Lavrov Sürixdəki mərasimə qatılacaq. «Sürixdə erməni-türk protokollarının imzalanması iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün fəaliyyət planını müəyyən edir. Bu proses gözlənilən idi və məntiqi hesab edilməlidir» deyə, o bildirib. Nesterenko əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında xeyirxah qonşuluq münasibətlərinin qurulması Cənubi Qafqaz regionunda gərginliyin azaldılması, sülh və stabilliyin möhkəmləndirilməsinə kömək göstərəcək: «İki ölkə arasında münasibətlərin normallaşması ikitərəfli ticarət əlaqələrini canlandıracaq və hər iki ölkənin iqtisadiyyatını möhkəmləndirəcək».
Erməni mənbələri isə Sərkisyanın Təhlükəsizlik Şurasının oktyabrın 8-də keçirilmiş iclasındakı çıxışını yayıblar. Həmin iclasda katolikos II Qaregin, hakim koalisiyaya daxil olan «Firavan Ermənistan» Partiyasının rəhbəri Qaqik Tsarukyan, İctimai Şuranın sədri Vazgen Manukyan da iştirak edib. Görüşdə Sərkisyan erməni diasporu ilə keçirdiyi görüşlər haqda məlumat verib və deyib ki, keçirilən görüşlər zamanı mövqelərin geniş spektri ilə tanış olub. Sərkisyan deyib ki, protokollarla bağlı narahatlıqları başa düşür, lakin hamı əmin olmalıdır ki, bu prosesdə Ermənistanın maraqları tam qorunur. O əmin edib ki, Türkiyə ilə münasibətlərin nizamlanmasının Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Sərkisyanın dediyinə görə, ABŞ-da olarkən prezident Barak Obama onunla telefon söhbətində deyib ki, bu münaqişə Dağlıq Qarabağın statusunun orada yaşayan əhalinin heç bir məhdudiyyət olmadığına öz iradəsini ifadə etməsi yolu ilə həll edilməlidir. «Türkiyə tərəfindən müntəzəm olaraq səslənən bəyanatlar bizim xaricdəki soydaşlarımız arasında müəyyən narahatlıq yaradır, lakin mən bir daha bəyan edirəm ki, Ermənistan Qarabağ məsələsində ona nə vəd edilməsindən asılı olmayaraq heç vaxt birtərəfli güzəştə getməyəcək» deyə, Sərkisyan bildirib.
Protokolların imzalanmasının ardınca Sərkisyanın oktyabrın 14-də Türkiyəyə futbol matçına gedəcəyi də artıq yəqinləşib. Türkiyə tərəfi onun gəlişinə ciddi hazırlıq görür, hətta prezident Abdulla Gülün tapşırığı ilə iki ölkə milli futbol komandalarının oyununun keçiriləcəyi Bursa stadionuna azarkeşlər tərəfindən Azərbaycan bayraqlarının gətirilməsinə qadağa qoyulub. Bu qadağa Türkiyə ictimaiyyətində ciddi narazılıq yaradıb. Yerli mətbuatın xəbərlərinə görə, oyun zamanı stadionun qarşısında toplaşan vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri Azərbaycan bayrağı ilə aksiya keçirməyə hazırlaşırlar. Qadağaya etiraz edən MHP millət vəkili Şenol Bal deyib ki, AKP hökuməti yəqin stadiona Sərkisyanı alqışlamaq üçün adamlar yığacaq: «Utanmasalar AKP-çilər əllərində Ermənistan bayrağını da daşıyarlar. Azərbaycan və Türkiyə bayrağına qadağa qoyulmasını heç nə ilə izah etmək mümkün deyil. Türk bayraqlarına qadağa qoyub Qarabağda 40 min Azəri türkünün qanına bais olan qatil Sərkisyana qucaq açmaq Türkiyəyə nə verəcək?»
İqdırda da qeyri-hökumət təşkilatları Sərkisyanın gəlişinə etiraz olaraq aksiya keçiriblər. Əsassız erməni iddiaları ilə Mübarizə Dərnəyi adlı təşkilatın rəhbəri Göksül Gülbey deyib ki, toplaşanlar əllərində Azərbaycan bayraqları tutaraq Ermənistan prezidentinin Türkiyəyə gəlişini pisləyiblər. Gülbey bildirib ki, aksiyada Türkiyə iqtidarının Ermənistanla anlaşma siyasəti də pislənilib. O qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyi bir vaxtda bu ölkə ilə anlaşmaq milli maraqlara ziddir. Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov isə bu bölgədəki yerli KİV-lərə açıqlamasında Qarabağ azad edilmədən Ermənistanla münasibətlər qurulmasından narahat olduğunu açıqlayıb. Konsul deyib ki, Türkiyədə bəzi çevrələr durmadan «5 rayon qaytarılacaq», «Qarabağ məsələsində çözümə yaxınlaşıldı», «Ankaranın sayəsində münaqişə həll olunur» kimi əsassız iddialarla Ermənistanla anlaşmaya haqq qazandırmağa yönələn təbliğat kampaniyası aparır. Əslində isə münaqişənin həllində heç bir ciddi irəliləyiş yoxdur və Ermənistan işğal etdiyi ərazilərdən çıxmağı qəbul etmir.
Dünən Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal redaksiyamıza telefon açaraq Sürixdə bu gün imzalanacaq erməni-türk protokolları ilə bağlı etirazlarını çatdırıb. Bu anlaşmadan hiddətləndiyini deyən Cəmil bəy bildirib ki, dünyanın böyük dövlətlərinin diqtəsi ilə həyata keçirilən siyasətdə məqsəd erməniləri rahatlatmaqdır: «Bu işin içərisində Azərbaycan iqtidarı da var. Məqsəd Dağlıq Qarabağ ətrafındakı 3-5 rayonun boşaldılmasına nail olmaqdır. Həmin rayonlar qaytarılandan sonra qaçqınların bir hissəsi ora zorla qaytarılacaq, yaxud qaytarılmayacaq. Sonra da deyəcəklər ki, baxın, biz rayonları qaytardıq». Cəmil Ünala görə, əgər Azərbaycan iqtidarı anlaşmanın içərisində olmasaydı, o zaman öz etirazını bu günə qədər yüksək səviyyədə ifadə edərdi. Ancaq bu günə qədər Azərbaycan iqtidarı səsini çıxarmır və bununla da göstərir ki, Türkiyə iqtidarı ilə erməni məsələsində anlaşıb: «Türkiyə son 20 ildə dövlət siyasətindən uzaqlaşıb, Qarabağ məsələsi artıq Türkiyənin məsələsi olmaqdan çıxıb. Bu ermənini rahatlatma siyasətindən tək qazanan olacaq, o da ermənilərdir. İtirən isə Türkiyə və Azərbaycan olacaq, türk torpaqları olan Qarabağ itiriləcək». Onun sözlərinə görə, Azərbaycan və Türkiyə iqtidarları Qarabağ məsələsindən bəhs edərkən ətraf rayonlar haqda danışır, ancaq Dağlıq Qarabağın özünün də işğal edilmiş ərazi olduğunu demir. Azərbaycan Kültür Dərnəyinin başqanı deyib ki, Azərbaycan xalqı ayağa qalxıb bu gizli anlaşmalar barədə izahat tələb etməlidir. Ünal Ermənistanda hakimiyyətin öz xalqını məlumatlandırdığını, Azərbaycanda isə hər şeyin qapalı olduğunu qeyd edib. Onun fikrincə, erməni anlaşmaları iki qardaş ölkənin arasına nifaq salacaq və Türkiyə ilə Azərbaycan arasında problemlər yaranacaq: «Türkiyə iqtidarı ABŞ prezidenti Obamaya verdiyi sözləri yerinə yetirir və qardaş ölkə olan Azərbaycana arxa çevirir, nə yazıq ki, bu siyasət Azərbaycan iqtidarı ilə razılaşdırılmış şəkildə aparılır».
Rusiya Dövlət Dumasının deputatı, Liberal-Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski güman edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılmasına dair imzalanacaq protokolların arxasında ABŞ-ın keçmiş SSRİ-nin bütün türkdilli hissəsinə təsirinə əngəl olan maneələrin aradan qaldırılması cəhdləri durur.
«Bütün bunların arxasında Birləşmiş Ştatlar durur», - deyə Jirinovski bildirib.
Onun sözlərinə görə, Türkiyədən savayı Azərbaycan, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Tatarıstan və Çuvaşiyada təqribən 100 milyon türk yaşayır.
Jirinovskinin fikrincə, Amerikanın tam məqsədi «Ermənistanı iqtisadi cəhətdən asılı vəziyyətə salmaq və Cənubi Qafqaz, Orta Asiya, Başqırdıstan, Tatarıstan və digər türkdilli regionlarda Türkiyənin təsirini artırmaqla yanaşı, islamlaşdırma siyasətini aparmaqdan ibarətdir».
Bununla yanaşı, o qeyd edib ki, Türkiyə ilə saziş imzalamağa hazır olan Ermənistanı «başa düşmək olar». «Axı biz onu dolandıra və saxlaya bilmirik, onlar blokadadadır. Hansısa yolla yaşamaq üçün onlara Türkiyə ilə sərhədləri açmaq sərf edir, lakin bu, Türkiyənin dərhal bütün Cənubi Qafqaza təsir göstərməsinə imkan verəcək», - deyə o bildirib.
Jirinovski həmçinin söyləyib ki, amerikalılar türklərin əli ilə Rusiyanı cənubdan zəiflətmək istəyirlər.
Siyasət şöbəsi

2641 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen