Mittwoch, 28. Oktober 2009

HƏMİŞƏYAŞAR “YAŞIL” | Yeni Musavat

HƏMİŞƏYAŞAR “YAŞIL” | Yeni Musavat

28.10.2009 [09:11]
HƏMİŞƏYAŞAR “YAŞIL”

Ekspertə görə, dollar hələ uzun müddət etibarlı valyuta olaraq qalacaq

Son aylar ABŞ dollarının ucuzlaşması ilə bağlı narahatçılıqlar az qala qlobal maliyyə böhranını da kölgədə qoyub. Xüsusən də Avropa Birliyi milli valyutasının möhkəmlənməsinin və buna görə də mallarının rəqabət qabiliyyətinin aşağı düşməsinin günahını “yaşıl pul”da görür. Ekspertlərin bir qismi ABŞ valyutasının hökmranlıq erasının artıq bitdiyini, yeni dünya valyutasına ehtiyac olduğunu bildirir.BMT, BVF, Dünya Bankı kimi beynəlxalq təşkilatlar bu ideyanı dəstəkləyirlər. Ancaq dolların hələ uzun müddət alternativsiz valyuta qismində qalacağını iddia edənlər də var.
Dolların ucuzlaşmasının nəticəsi olaraq dünya əmtəə bazarında neftin və qızılın qiyməti bahalaşır. Neftin bir bareli böhrandan sonra ilk dəfə 80 dollara çatıb. Qızılın bir unsiyası isə tarixində ilk dəfə olaraq 1150 dollar həddinə qalxıb. Bu artımlar isə öz növbəsində dünyada ərzağın bahalaşmasını şərtləndirib.
Dolların digər valyutalara nisbətən möhkəmlənməsinin tərəfdarı daha çox Avropadır. Ekspertlər bildirirlər ki, avronun kursunun artımı bir tərəfdən avrozonanın bəzi ölkələrində böhranın bitməsi ilə bağlıdırsa, digər tərəfdən ABŞ hökumətinin xarici borcunu azaltmaq məqsədilə valyutasını aşağı səviyyəyə salması ilə əlaqədardır.
Yaranmış durumu şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, 2009-cu ilin üçüncü rübündə dollar avroya nisbətən dəyərini 4,1%, iyenaya nisbətən isə 6,8% itirib. Oktyabrda dollar 89,77 iyena həddində qeydə alınıb ki, bu da cari ilin yanvarından ən aşağı göstəricidir: “Ucuzlaşma digər valyutalarda da müşahidə edilib. Belə ki, dollar rubla nisbətən 1,5%, Kanada dollarına nisbətən 5%, Avstraliya dollarına nisbətən 4% ucuzlaşıb. Bu müddətdə Hindistan və İndoneziya rupilərinə, Braziliya realı və Koreya vonuna nisbətən ucuzlaşma orta hesabla 3% olub”. Ekspert bildirir ki, bu gün, banklarda bir neçə min dollar məbləğində əmanət yerləşdirən sıravi vətəndaşdan tutmuş milyardlarla valyuta ehtiyatı olan dövlətlərədək, hamını dolların gələcək taleyi düşündürür: “Beynəlxalq tədbirlərdə, konfranslarda dolların gələcək statusu barədə beynəlxalq maliyyə qurumları, ekspertlər tərəfindən müxtəlif variantlar irəli sürülür”. S.Əliyevə görə, dünyada gedən qızğın müzakirələrin nəticəsi olaraq hadisələrin bir neçə mümkün variant üzrə davam edəcəyi ehtimalı var: “Bunlardan biri odur ki, dünya valyutası qismində dollardan imtina edilir və bir neçə valyutadan ibarət valyuta səbəti yaradılır.
Müxtəlif vaxtlarda müzakirə obyekti olan bu ideya əsas variantlardan sayılır. Xüsusilə də Britaniyanın “The Independent” qəzetinin Amerika dollarının əleyhinə gizli sövdələşmə xəbərlərini yayması mövzunu daha da aktuallaşdırdı. Qəzetin yazdığına görə, bir sıra dövlətlər, o cümlədən İran körfəzi ölkələri, Çin, Yaponiya, Fransa və Rusiya neft alqı-satqısında ödəniş vasitəsi olan dolları bir sıra valyutalardan ibarət səbətlə əvəz etmək barədə danışıqlar aparırlar. Məqaləyə görə, neft ölkələri 2018-ci ilə kimi neft hesablaşmalarında dollardan imtina edərək dollar, avro, yuan, iyena, rupi, rubl və ərəb ölkələrinin yaratmaq istədiyi vahid valyutadan ibarət valyuta səbətinə keçəcəklər.
Təklifin cəlbedici olmasına baxmayaraq, analitiklər yeni valyuta səbətinin yaranması ideyasına şübhə ilə baxır. Səbəblər çoxdur: texnikadən tutmuş maliyyə və siyasi səbəblərə kimi". Ekspert bildirir ki, iqtisadi baxımdan da dollardan imtina modeli hələ ki səmərəli deyil. Çünki neft alverində hansısa səbətin xeyrinə dollardan imtina real görünmür: “Daha bir variant dolları dünya valyutası statusunda başqa valyutanın əvəz etməsidir. Bu gün dünya valyutası qismində dollara alternativ olaraq Avropa avrosu, Yaponiya iyenası və Çin yuanının adı hallanır. Avro artıq sınaqdan çıxmış regional valyutadır. İyena və yuan isə dünyada ən böyük valyuta ehtiyatına malik Yaponiya və Çinin milli valyutasıdır.
2002-ci ildən dövriyyəyə buraxılan bu regional valyuta estafeti alman markası və fransız frankı kimi güclü Avropa valyutalarından götürüb. Hazırda dünya maliyyə dövriyyəsində avronun payı ancaq dollardan geri qalır. Hətta Avropa Birliyinə daxil olmayan bir çox ölkələrdə ixracın əsasını avro təşkil edir. Məsələn, İran neftinin 65%-i avro ilə ixrac olunur. Bu ölkədə neft satışında dolların payı 15%-ə düşüb. Ölkələrin valyuta ehtiyatlarında da avro aktiv şəkildə artır. Qiymətləndirmələrə görə, dünya ehtiyatının 15-20%-i avronun payına düşür. Məsələn, Azərbaycanın valyuta ehtiyatının tərkibində avronun payı 35% təşkil edir".
Ekspertin sözlərinə görə, başqa bir variant dünya valyuta sistemində heç bir dəyişiklik baş vermədən dolların öz statusunu saxlamasıdır ki, bu barədə danışanda bəzi ekspertlər dolların çökməsi və onun dünya valyutası qismində əvəz olunması barədə çixişları vaxtından əvvəl atılmış söhbətlər adlandırırlar: “Dolların yaxın zamanlarda ehtiyat valyuta statusunu itirməməsinin başlıca səbəbi dollar nominalında olan aktivlərin, ilk növbədə Amerikanın dövlət istiqrazlarının gəlirliyidir. Nə qədər ki, ABŞ hökuməti investorlara etibarlı gəlir gətirən istiqraz buraxır dollar dünya valyutası olaraq qalacaq”. S.Əliyev qeyd edir ki, ABŞ dollarından hədsiz asılılıq bir çox neft ixracatçıları üçün baş ağrısıdır. Onun fikrincə, öz neftini dollara satıb avro ilə məhsul idxal edən ölkələrin vəziyyəti olduqca bərbaddır: “Burada Çinin və ərəb ölkələrinin maraqları üst-üstə düşür...
Növbəti variant İran körfəzi, Latın Amerikası (sukre), Cənubi Şərqi Asiya (ACU) və Afrika qitəsinin ölkələrinin dövriyyəyə buraxmaq istədiyi vahid valyuta planları dolların dünya valyutası statusundan sığışdırmağa yönəldilmiş addımları ilə bağlıdır. Hətta MDB ölkələri də dollardan imtina məqsədilə vahid ödəniş-hesablaşma sistemi yaratmaq niyyətindədir".
HƏBİBƏ

13 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen