Dienstag, 27. Oktober 2009

BAYDENİN MESAJLARI İLHAM ƏLİYEVƏ TƏZYİQDİR | Yeni Musavat

BAYDENİN MESAJLARI İLHAM ƏLİYEVƏ TƏZYİQDİR | Yeni Musavat

27.10.2009 [09:05]
BAYDENİN MESAJLARI İLHAM ƏLİYEVƏ TƏZYİQDİR

Amerika Azərbaycan iqtidarını sıxmağa başlayıb

Azərbaycan hakimiyyətinə, onun rəhbərinə qarşı ciddi xarici təzyiqlər başlayıb. Baş verən son hadisələr göstərir ki, Cənubi Qafqaz regionunu öz aralarında bölməkdə anlaşan supergüclərin maraqlarına qarşı müqavimət göstərdiyinə görə Qərbdən Azərbaycan iqtidarına demokratiyanı xatırladırlar və digər təzyiq rıçaqlarını işə salırlar. Çünki ABŞ-ın Türkiyə üzərindən həyata keçirməyə çalışdığı regional layihənin-Ermənistanın təcrid durumundan çıxarılaraq Qərbə açılmasının və uzaq perspektivdə Rusiyanın bu ölkə üzərində siyasi təsirinin zəiflədilməsinin qarşısında dayanan əsas maneə Azərbaycan hakimiyyətidir. Məhz Azərbaycanın etirazları Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmasına əsas əngəl hesab edilir.

Çünki Türkiyə hökuməti Azərbaycanın mövqeyini nəzərə almadan addım atmaqla daxili ictimai rəyi çox güclü şəkildə özünə qarşı yönəldə və mövqelərini itirə bilər.
Bu səbəbdən hələ aprel ayında ABŞ prezidenti Barak Obama Azərbaycan prezidentini sözügedən layihəyə razı salmaq üçün bütün mümkün kanallardan istifadə etdi. Obama Ermənistan-Türkiyə protokollarının gizli şəkildə paraflandığı İstanbuldan Əliyevə telefon açaraq onun mövqeyini dəyişməsinə nail olmaq istədi. Ardınca dövlət katibi Hillari Klinton bu missiyanı üzərinə götürdü. Lakin bu cəhdlərin heç biri kömək etmədi və nümayişkaranə şəkildə dünyanın superdövlətinin arxasında durduğu plana qarşı çıxan Əliyev İstanbula getməkdən imtina edərək, Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı. Həmin iclasda Əliyev Azərbaycanın regionda baş verən hadisələrə uyğun olaraq öz milli maraqlarını qorumaq üçün addımlar atacağını bəyan etdi.
Protokollar isə aprel ayında paraflansa da, 6 ay sonra açıqlanacaqdı və istisna deyil ki, bu ləngimədə Azərbaycanın mövqeyinin də həlledici təsiri olub. Lakin ləngiməyə baxmayaraq, ABŞ administrasiyası prosesin irəli aparılmasında israrlı idi və protokollar imzalandı. Dərhal da Azərbaycan iqtidarının, prezidentinin mövqeyi birmənalı olaraq yenidən ortaya qoyuldu. Prezident Əliyev bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına qarşıdır, ancaq başqa ölkələrin daxili işlərinə qarışmır və regionda yaranacaq yeni situasiyaya uyğun olaraq öz siyasətini qurmaqda qərarlıdır. Bu mövqe və Azərbaycan ictimaiyyətinin etirazları Türkiyə hökumətini, protokolların ratifikasiyasını Qarabağ münaqişəsinin həllinə qədər ləngidəcəyinə dair ən yüksək səviyyədə, dəfələrlə vəd verməsinə səbəb olub. Paralel olaraq ABŞ Türkiyə iqtidarına ratifikasiyanı tezləşdirmək üçün təzyiq göstərir. Öz növbəsində Türkiyə iqtidarı ABŞ-a çatdırır ki, bu məsələdə Azərbaycanı yola gətirmədən addım atması riskli olacaq. Eyni zamanda ABŞ Azərbaycan rəhbərini yola gətirməyə çalışır ki, Türkiyənin Ermənistanla sərhədlərini açmasına mane olmasın. Son proseslərdə Qərbi narahat edən digər məsələ də Azərbaycan dövlət başçısının enerji məsələsində yalnız ölkənin milli maraqlarına əsaslanan müstəqil siyasət yeridiləcəyini bəyan etməsidir. Bu siyasət Azərbaycanın Türkiyə üçün ucuz qaz mənbəyi olmaqdan çıxıb öz qaz ehtiyatlarını kommersiya baxımından ən sərfəli marşrutlar üzrə nəql etməyi, hələlik virtual layihə olmaqdan uzağa gedə bilməyən “Nabucco”ya ümid bağlamayıb digər istiqamətlər üzrə iş aparmağı nəzərdə tutur. Prezident Əliyev elan edib ki, Azərbaycan öz iqtisadi maraqlarını əsas götürərək İran və Rusiya üzərindən qaz nəqlinə üstünlük verə bilər.
Digər tərəfdən, Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda da ondan neçə vaxtdır gözlənən güzəştlərə getmir. Əliyevin Qarabağ danışıqlarında Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruduğu haqda bir neçə dəfə prosesdə ABŞ adından vasitəçilik edən diplomatlar da bildirmişdi. Bu siyasət təbii ki, Qərbi narahat edir, yəni Azərbaycanda hər deyilənə o saat razılaşan iqtidarın olmadığını görən böyük güclər əllərindəki təzyiq rıçaqlarını işə salmaq haqda fikirləşə bilərlər. Belə təzyiq rıçaqlarından biri də demokratiya ola bilər. Hansı ki, Qərb onu öz enerji və təhlükəsizlik maraqlarına görə çoxdandır arxa plana atmışdı. Azərbaycanda isə ABŞ-ın demokratiya məsələsində hansısa müsbət roluna olan inam çoxdan sarsılmışdı.
Belə bir vaxtda Ş
ərqi Avropada səfərdə olan ABŞ vitse-prezidenti Cozef Bayden Azərbaycan, Ermənistan və Belarusda “demokratiya sahəsində çox işlərin görülməli olduğunu” xatırladıb, eyni zamanda Buxarestdə rumın tələbələri qarşısında çıxışı zamanı 20 il əvvəl bu ölkədə kommunist diktatorun devrilməsilə nəticələnən inqilabı nümunə göstərib. Xəbər verildiyi kimi, Bayden rumın inqilabını Şərqi Avropada demokratiyanın olmadığı ölkələr üçün nümunə göstərərək Rumıniyanı bu işdə Azərbaycan, Ermənistan kimi ölkələrə də kömək etməyə çağırıb.
Belə görünür ki, bu çağırış istər hakimiyyət, istərsə də müxalifət düşərgəsində birmənalı qarşılanmır. Ekspertlərin əksəriyyəti bu fikirdədir ki, Baydenin çağırışının arxasında ABŞ-ın demokratiyanı müdafiəsindən daha çox geosiyasi maraqları dayanır. Bəs Rumıniya inqilabı nə dərəcədə demokratiya nümunəsi kimi təqdim oluna bilər və Azərbaycan üçün bu hadisələri nümunə göstərmək nə dərəcədə yerinə düşür?

***

Tarixi ekskurs: Rumıniya, 1989-cu il
Bu suallara cavab üçün 20 il əvvələ ekskurs edərək Rumıniya və orada baş verən hadisələrə nəzər salaq. Rumıniya Kommunist Partiyasının birinci katibi olan Nikolae Çauşesku həm ölkədə sərt idarəçilik metodları, həm də müstəqil siyasət aparmaq cəhdləri üzündən dünyanın böyük güclərinin diqqət mərkəzində idi. Çauşesku SSRİ-də Mixail Qorbaçovun dünyanın ən qüdrətli ölkələrindən birini parçalanmağa doğru aparan “perestroyka”sına qarşı çıxırdı və sosialist düşərgəsində özünə müttəfiqlər toplayırdı. Ötən əsrin 80-ci illərinin sonlarında Çauşesku Kuba, Şimali Koreya, Çin, Nikaraqua kimi ölkələrlə intensiv təmaslar quraraq “perestroyka”ya qarşı müqaviməti təşkil etməyə çalışırdı. Çauşesku bundan əvvəl də SSRİ-yə münasibətdə müstəqil siyasət aparırdı və Moskvanın bir çox qərarlarına tabe olmurdu. Məsələn, 1968-ci ildə keçmiş Çexoslavakiyaya qoşun yeridilməsinə qarşı çıxmışdı və 1979-cu ildə Əfqanıstana sovet qoşunlarının yeridilməsini dəstəkləməmişdi. Əvvəlcə onun Moskvaya qarşı bu cür müstəqilliyi Qərbin Rumıniyaya iri məbləğdə kreditlər verməsinə və Çauşesku hakimiyyətini dəstəkləməsinə səbəb olmuşdu. Lakin Qərbdən də pulu elə-belə vermirdilər və Çauşeskuya işarə edirdilər ki, Rumıniyanı Varşava blokundan çıxarsın. Ancaq Çauşesku bu şərtdən imtina etdi, ABŞ-ın verdiyi 22 milyard dollarlıq krediti vaxtından əvvəl bütün faizləri ilə ödədi və dərhal Qərbdən ona təzyiqlər başladı. Əvvəlcə Çauşeskunu dəstəkləyən Qərb indi onu “Avropanın Stalini”, “diktator” kimi ifadələrlə çağırırdı. 1988-1989-cu illərdə ABŞ və Britaniya mətbuatı açıq şəkildə yazırdı ki, Çauşesku həm Qərb, həm SSRİ üçün problemə çevrilib. Qərbdə narahat idilər ki, Çauşesku sosialist düşərgəsini öz ətrafında birləşdirə və nəticədə Qorbaçovun “perestroykası”ını əngəlləyə bilər. 1989-cu ilin noyabrında Çauşesku Rumıniya Kommunist Partiyasının qurultayında növbəti dəfə baş katib seçildi və öz çıxışında yenidənqurmanı “sosializm üçün ziyanverici həşərat” adlandırdı. O deyirdi ki, SSRİ rəhbərliyi bu çürük ideyanı ortaya atmaqla Qərb imperializminin əlində alətə çevrilib. Belə görünür ki, onun hakimiyyətdən devrilməsi üçün düyməyə həmin vaxt artıq basılmışdı.
Qurultaydan bir neçə gün sonra Rumıniyanın etnik macarların yaşadığı Timişoar şəhərində nümayişlər başladı. Nümayişlərin başlaması üçün formal səbəb milliyyətcə macar olan dissident keşiş Laslo Tekeşin evindən çıxarılması idi. Spontan olaraq başlayan aksiyaya minlərlə adam qatıldı və qısa müddət sonra toplaşanlar keşişi yaddan çıxarıb antikommunist və antihökumət şüarlar səsləndirməyə başladılar. Təhlükəsizlik qüvvələri aksiyaya sərt müdaxilə edərək kütləvi həbslər apardı. Lakin daha da qızışan kütlə yenidən küçələrə çıxaraq Kommunist Partiyasının yerli şöbələrinin binalarını dağıtmağa başladılar. Bu dəfə Çauşesku şəhərə ordu yeritdi və əsgərlərə nümayişçilərə atəş açmaq əmri verildi. Nümayişçilərin gülləbaran edilməsi nəticəsində 200-dən çox adam həlak oldu. Lakin Çauşesku bu əmri verməklə həm də özünün və hakimiyyətinin sonunu gətirmiş oldu. Çünki ölkənin hər yerindən narazı kütlə, - fəhlələr, şaxtaçılar paytaxta doğru yürüş etməyə başladılar. Üstəlik, onları silahlı dəstələr müşayiət edirdi və hökumət qüvvələri ilə şiddətli atışmalar yaşanırdı. Bu, əsl silahlı xalq üsyanı idi. Ölkədə durmadan hökumət qüvvələrinin xalqa divan tutduğu, on minlərlə adamın güllələndiyi haqda şayiələr yayılırdı. Nəhayət, dekabrın 20-də silahlı dəstələrin müşayiət etdiyi nümayişçilər Buxarestə daxil oldu. Ordu üsyançıların tərəfinə keçdi və Çauşesku arvadı Yelena ilə birlikdə dekabrın 22-də vertolyotla Buxarestdən qaçmağa cəhd etdi. Lakin ölkənin hava məkanı hakimiyyəti ələ keçirmiş Milli Azadlıq Cəbhəsi nin nəzarətində idi və bu cəhd baş tutmadı. Hakimiyyəti ələ keçirənlər Çauşeskunu və arvadını tutub bir neçə dəqiqəlik məhkəmədən sonra güllələdilər. Şərqi Avropada ilk dəfə hakimiyyət kütləvi etirazlar və üsyan yolu ilə devrildi.
Həmin vaxt Qərbdə Rumıniyada baş verənləri kommunist diktaturasına qarşı “məxməri inqilab” adlandırırdılar. Sonradan məlum olacaqdı ki, hər şey SSRİ KQB-sinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ssenarisi əsasında baş verib. Alman telekanallarından birinin 2004-cü ildə çəkdiyi sənədli filmdə MKİ texnoloqlarının Şərqi Avropada “məxməri inqilab” ssenarisini necə hazırladıqları onların öz dillərindən ifadə edilirdi. Məlum olurdu ki, Çauşeskunu devirmək planı hazırlayanlar xalqı üsyana təhrik etmək üçün soyuqqanlı şəkildə yüzlərlə insanın öldürülməsini də təşkil ediblər. İndiyədək Rumıniyadakı qanlı hadisələrdə nə qədər adamın öldüyü dəqiq məlum deyil. Bu məsələdə 1033-lə 1044 arasında rəqəmlər dəyişir. Onların 260-ı hərbçilər, qalanları silahlı üsyançılar və nümayişçilərdir. Şərqi Avropanın o vaxt ən firavan ölkələrindən biri olan Rumıniyanı savaş meydanına çevirən həmin hadisələr isə SSRİ-nin dağılmasında maraqlı olan Qərb texnoloqları tərəfindən diktaturadan demokratiyaya keçid metodu kimi qanuniləşdirildi. Doğrudan da Rumıniya inqilabı sosialist düşərgəsinin parçalanmasını və SSRİ-nin dağılmasını sürətləndirən hadisələrdən biri oldu.
İndi ABŞ həmin qanlı hadisələri Azərbaycana da nümunə göstərir.
DEMOKRATİYAYA BU CÜR KEÇİDDƏN ALLAH ÖZÜ AZƏRBAYCANI QORUSUN!

Siyasət şöbəsi

1854 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen