Mittwoch, 7. Oktober 2009

“BÜTÜN MƏSƏLƏLƏRİN HƏLLİNİ QƏRBDƏN GÖZLƏMƏMƏLİYİK” | Yeni Musavat

“BÜTÜN MƏSƏLƏLƏRİN HƏLLİNİ QƏRBDƏN GÖZLƏMƏMƏLİYİK” | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
07.10.2009 [08:56]
“BÜTÜN MƏSƏLƏLƏRİN HƏLLİNİ QƏRBDƏN GÖZLƏMƏMƏLİYİK”

İsa Qəmbər: “Məmləkətimizin problemi müxalifətin birliyi problemi deyil, avtoritar rejimin ölkəni öz inhisarına almasıdır”

Bu yaxınlarda Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına yönəlik tədbirdə iştirak etmiş Müsavat Partiyasının başqanı İsa Qəmbər “Media forum” saytının suallarını cavablandırıb. Müsavat başqanı deyib ki, tədbirin məqsədi Avropa Birliyinin, NATO-nun və mərkəzi ofisi Brüsseldə yerləşən digər təşkilatların Cənubi Qafqazdakı fəaliyyəti ilə bağlı diskussiyaları davam etdirmək, indiki mərhələdəki duruma nəzər salmaq idi:

- Avropa Birliyi Cənubi Qafqazla bağlı proqramlarını getdikcə dərinləşdirir. “Yaxın qonşuluq siyasəti”, “Şərq tərəfdaşlığı” proqramları bu qurumun Cənubi Qafqazla bağlı siyasətini tam əhatə etmədiyindən onları genişləndirmək istəyirlər. Hər şeydən göründüyü kimi, Avropa Birliyi Cənubi Qafqaz ölkələrinin ən azı assosiativ üzv kimi bu quruma cəlb olunmasının tərəfdarıdır. Bu istiqamətdə addımlar davam edəcək. Orada olduğumuz müddətdə həm Avropa Birliyinin, həm NATO-nun, həm də digər beynəlxalq təşkilatların məsul şəxsləri ilə də görüşdük. Bölgədəki vəziyyəti dəyərləndirmək, yaxın zamanlardakı dəyişiklik perspektivləri ilə bağlı müzakirələr aparmaq imkanımız oldu.

- Assosiativ üzvlük üçün ön şərtlər varmı?

- Ölkələrə müxtəlif proqramlar təklif olunur. Təbii ki, hansı ölkə bu əməkdaşlığı dərinləşdirməyə daha çox hazırdırsa, Avropa Birliyi üçün onunla işləmək daha asan olacaq. Ancaq hər halda istər qanunvericilik, istər qanunların işləməsi, istərsə də siyasi və iqtisadi azadlıqlar baxımından müəyyən standartlar təmin edilməlidir ki, assosiativ üzvlük məsələsində də irəliləyiş mümkün olsun.

- Avropa Birliyinin qonşuluq siyasətində diqqətçəkən bir məqam var - əməkdaşlıq üçün prioritetlər sırasında enerji məsələləri üçüncü yerə qoyulub. Sizcə, bu, təşkilatı Cənubi Qafqaz ölkələri üçün daha maraqlı eləmək üçün ABŞ siyasətinə qarşı qoyulmuş bir xətdir, yoxsa təsadüfi nömrələmə faktıdır?

- Mən elə düşünmürəm. Əslinə qalsa, Avropa Birliyi ölkələri enerji məsələlərinə həddən artıq diqqət yetirir. Yəni bu məsələdə ABŞ üçün prioritet enerjidaşıyıcılarının dünya bazarına çatdırılmasıdırsa, Avropa Birliyi üçün prioritet enerjinin özüdür. Sadəcə, bu sahədə Avropa ilə əməkdaşlıq enerjiyə malik ölkələrin müəyyən standartlara cavab verməsini tələb edir. Bu ölkələrdə qanunvericilik bərbad vəziyyətdə olduqca, qanunun aliliyi təmin edilmədikcə, avtoritarizm artdıqca onların Avropa ilə etibarlı tərəfdaşlıq imkanları məhdudlaşır, Rusiyanın nəzarətinə keçmək prosesi dərinləşir. Avropanın isə enerji məsələsində Rusiyadan asılı olmayan idxal təmin etmək konsepsiyası var. Bu baxımdan məsələlər hamısı bir-birinə ciddi şəkildə bağlıdır və Avropa strateqləri də bu bağlılığı ciddi şəkildə qiymətləndirirlər.

- Avropa Şurasına üzvlük Azərbaycanda demokratiyanın inkişafına ciddi təsir göstərə bilmədi. Avropa Birliyinə üzvlük - assosiativ də olsa - Azərbaycana nə verə bilər?

- Bu məsələləri dəyərləndirərkən bir məqamı mütləq nəzərə almaq lazımdır. Avropanın, Amerikanın, bütövlükdə azad dünyanın mövqeyini təxminən belə qiymətləndirmək lazımdır ki, onlar öz güclərinə əmindir. Əmindirlər ki, əvvəl-axır nəinki Cənubi Qafqazdakı, Orta Asiyadakı və bir sıra başqa regionlardakı ölkələr, hətta Rusiya özü də XXI əsrin oyun qaydalarını qəbul etməyə, azadlıqları genişləndirməyə məcbur olacaq. Onlar bunu yeganə mümkün xətt kimi görürlər və əslinə qalsa, bu mənada onlarla razılaşmaq da olar. Çünki bütün digər istiqamətlər ölkəni dalana aparan yollardır. Bu baxımdan avropalılar, azad dünyanın nümayəndələri haqlıdır. Ancaq fərq buradadır ki, onlar bu prosesi onilliklərə hesablayır. Hesab edirlər ki, Avropa Şurasına üzv etməklə, burada illərlə, on illərlə insan haqları barədə danışmaqla, Avropa Birliyinin proqramlarına cəlb etməklə bu ölkələri tədricən lazımi istiqamətə yönəltmək mümkün olacaq. Onlar öz məntiqlərində haqlıdır, ancaq bizim məntiqimiz baxımından bu müddət bizim xalqlarımız, ölkələrimiz üçün itirilmiş zaman, itirilmiş həyatlar deməkdir. Milyonlarla insanın həyatının avtoritar idarəçilik şəraitində, azadlığın olmadığı, yaşayış səviyyəsinin aşağı olduğu şəraitdə keçməsi deməkdir. Ona görə də biz bütün məsələlərin həllini Avropadan, Qərbdən gözləməməliyik. Onların nə edəcəyini düzgün dəyərləndirib özümüzün nə etməli olduğumuzu müəyyənləşdirməliyik və bunu həyata keçirməyə çalışmalıyıq. Məsələ bu qədər bəsitdir. Ən azı nəzəri cəhətdən.

- Bu gün (dünən-red.) Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının toplantısı var (qeyd edək ki, İsa bəy bu müsahibəni Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının toplantısından əvvəl verib-red.). Hərəkatın parçalanacağına dair proqnozlar səslənir.

- Məncə, bu, o qədər də adekvat yanaşma deyil. Heç bir parçalanmadan söhbət gedə bilməz. Sadəcə, biz referendum zamanı çox sürətlə formalaşmış bir hərəkat formasında fəaliyyət göstərdik. Referendum bitdikdən sonra bu hərəkatı davam etdirməyin mümkünlüyü qənaətinə gəldik və əslinə qalsa, indi həmin hərəkatın formalaşması prosesi davam edir. Hərəkatın müəyyən prinsipləri, ölçüləri formalaşır və biz də bu prinsiplərdən biri kimi seçki komissiyaları məsələsini gündəmə gətirmişik. Çünki ölkəmizin bu ağır vəziyyətdən çıxarılmasının yolu, bizim fikrimizcə, azad seçkilərdən keçir. Azad seçkilərin əsas şərti isə həqiqi, müstəqil komissiyaların olmasıdır. Ona görə də biz bu məsələyə böyük əhəmiyyət veririk. Komissiya məsələsini də vətəndaş hərəkatının önəmli prinsiplərindən biri kimi görmək istəyirik. Digər siyasi qüvvələrin də buna münasibəti bəlli olacaq. Əgər ümumi fikir müsbət olacaqsa, deməli, o prinsipi də nəzərə alaraq yolumuza davam edəcəyik. Yaxud da bilinəcək ki, kim o prinsipə hansı münasibət bəsləyir.

- Ümumi razılıq olmazsa, Müsavat Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrini geri çəkmək təklifini geri götürmək barədə düşünə bilərmi?

- Biz məsələyə təklif verdik, kimsə qəbul etdi və ya etmədi şəklində yanaşmırıq. Söhbət prinsiplərdən gedir.

- Birliyin pozulub-pozulmaması məsələsi buna bağlanır...

- Mən hesab edirəm ki, bu məsələyə də çox qeyri-məntiqi münasibət formalaşıb. İqtidarın insanları bu qədər alçaltdığı, bu qədər murdar mühit yaratdığı dövrdə mətbuatın müxalifətin birliyini gündəmə çevirməsinin özü bir absurddur. Aydın şəkildə dərk edilməlidir ki, məmləkətimizin problemi müxalifətin birliyi problemi deyil, ölkədə avtoritar rejimin olması və bütün ölkəni öz inhisarına almasıdır. Bunu dəyişməliyik. Bu yolda hər bir siyasi qüvvə öz təklifini ortaya qoymalıdır. Biz öz təklifimizi səsləndirmişik və nəticələrini də görəcəyik.

- Belə görünür ki, müxalifətin bələdiyyə seçkilərində birgə iştirak edib-etməyəcəyi sualı bu gün də açıq qalacaq. Siz necə düşünürsünüz?

- Mən iclasdan əvvəl iclasa qiymət verməyə həvəsli deyiləm.

- “Yeni Müsavat” qəzetinin səhmləşdirilməsi və səhmlərinin bir qisminin xarici investora satılması məsələsi gündəmə gətirilib. Təsisçi olaraq buna münasibətiniz necədir?

- Dəfələrlə demişəm ki, təsisçi olsam da heç bir zaman “Yeni Müsavat” qəzetinə mülkiyyət olaraq baxmamışam. Qəzetin maliyyə məsələləri məni maraqlandırmayıb. Bu baxımdan dediyiniz məsələyə də hər hansı münasibət bildirmək ehtiyacı duymuram.

Xəbər xidməti

121 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru

Keine Kommentare:

Kommentar veröffentlichen