Samstag, 3. Oktober 2009

MÜXALİFƏT BAHALAŞMA ƏLEYHİNƏ MİTİNQ KEÇİRƏCƏK | Yeni Musavat

MÜXALİFƏT BAHALAŞMA ƏLEYHİNƏ MİTİNQ KEÇİRƏCƏK | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
03.10.2009 [09:20]
MÜXALİFƏT BAHALAŞMA ƏLEYHİNƏ MİTİNQ KEÇİRƏCƏK

DUİ-də birləşən partiyalar Bakı Metropoliteni qarşısında etiraz aksiyası planlaşdırır

Demokratiya Uğrunda İttifaqda (DUİ) birləşən müxalifət partiyaları Bakı Metropoliteninin binası qarşısında etiraz aksiyası keçirəcək. DUİ «Azərsu», «Azərenerji» və «Azəriqaz»ın qarşısında da etiraz aksiyası keçirməyi qərarlaşdırıb. Hazırda qurum sosial problemlərlə bağlı nəzərdə tutulan aksiyaya hazırlıq işlərini davam etdirir.Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc verib. Onun sözlərinə görə, aksiyanın günü və yeri barədə son qərar DUİ Sədrlər Şurasının gələn həftənin bazar ertəsi keçiriləcək iclasında veriləcək.
Ə.Oruc onu da nəzərə çatdırıb ki, DUİ metroda gediş haqlarının üç dəfə qaldırılmasına da etirazını bildirəcək: «Hamıya məlumdur ki, metrodan əhalinin əksəriyyət təşkil etdiyi yoxsul təbəqə istifadə edir. Gözlənilmədən və heç bir əsası olmadan gedişhaqqını bu qədər qaldırmaq sözsüz ki, narazılıq yaradıb. Biz də DUİ olaraq binası qarşısında aksiya keçirmək istədiyimiz dövlət qurumların sırasına metropoliteni də əlavə edəcəyik. Yəni metropolitenin binası qarşısında da etiraz aksiyası keçirə bilərik».
Bahalıq əleyhinə etiraz aksiyası ideyasına partiyalarda da ayrı-ayrılıqda müsbət yanaşılır.
DUİ-nin etiraz aksiyası keçirmək istəyini dəstəklədiklərini deyən Müsavat başqanının müavini Arzu Səmədbəyli qəzetimizə açıqlamasında Müsavat Partiyasının mövqeyinin ictimaiyyətə bəlli olduğunu söylədi: «Bilirsiniz ki, Müsavat Partiyası metroda gedişhaqqının qaldırılmasını pisləyən bəyanat yayıb. Xalqın imkanlarına zidd olan bu qərar gecə ilə yayıldı. DUİ-nin bu aksiyasını dəstəkləyirik və düşünürəm ki, bu təşəbbüs normal qarşılanmalıdır».
A.Səmədbəyli gələn həftənin bazar ertəsi günü Müsavat Partiyasının bu məsələ ətrafında geniş müzakirə aparacağını və etiraz aksiyası ilə bağı verilən qərarı ictimaiyyətə açıqlanacağını bildirdi: «Müsavat Partiyası öz qərarlarını özü müzakirə edir. Siyasi partiyalar etirazlarını bəyanat şəklində bildirib. DUİ isə bu qərara münasibətini etiraz aksiyası ilə bildirəcək».
Metroda gedişhaqqının artırılmasının aztəminatlı ailələrin vəziyyətini daha da ağırlaşdıracağını deyən Ümid Partiyası Mərkəzi İcra Aparatının sədri Nəsimi Məmmədli bu qərarı əhalinin cibinə girilməsi kimi qiymətləndirir: «Partiyanın rəhbər qurumlarında tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır. Digər tədbirlərdə iştirakımızla bağlı qərarımız olmasa da məsələ ilə bağlı etirazlarımızı təşkil etmək niyyətindəyik».
Leyla İLQAR

246 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008

Keine Kommentare:

Kommentar veröffentlichen