Freitag, 23. Oktober 2009

“QƏRB İQTİDARA TƏZYİQ TAKTİKASINI DƏYİŞİB” | Yeni Musavat

“QƏRB İQTİDARA TƏZYİQ TAKTİKASINI DƏYİŞİB” | Yeni Musavat

23.10.2009 [09:56]
“QƏRB İQTİDARA TƏZYİQ TAKTİKASINI DƏYİŞİB”

Azərbaycanda demokratiya problemi qərbin gündəliyinə qayıdır?

Azərbaycanın Avropa Şurasına üzv olmasından artıq 8 il ötsə də, bu qurum qarşısında götürülən öhdəliklərin heç də hamısı yerinə yetirilməyib. Bu quruma daxil olanda düşünürdük ki, artıq bundan sonra Azərbaycanda demokratik təsisatlar daha da möhkəmlənəcək, müxalifət güclənəcək, müstəqil qəzetlər inkişaf edəcək, ölkədə avtoritar idarəetməyə son qoyulacaq. Çünki Qərbin ölkədə demokratiya və insan haqlarının qorunmasına böyük yardımçı olacağı gündəmdə idi. İlkin vaxtlarda - 2001-2002-ci illərdə belə bir rəy var idi ki, Azərbaycanda demokratiyanın bərqərar olması Qərbin, Avropanın ölkəmizlə bağlı planlarının prioritetidir. Lakin zaman keçdikcə şahidi olduq ki, Qərbin Azərbaycana münasibətdə prioritetləri dəyişir.Əgər 2005-ci ilə qədər Azərbaycanın demokratik qüvvələri, təsisatları beynəlxalq təşkilatlardan bir qədər zəifləmiş şəkildə dəstək alırdılarsa, 2005-ci ildən sonra vəziyyət tamamilə dəyişib. Artıq belə rəylər tez-tez səslənir ki, Qərb Azərbaycanda demokratiya, insan hüquq və azadlıqları, mətbuat azadlığı məsələlərini gündəlikdən çıxarıb. Bu cür iddiada olan ekspertlər fikirlərini belə əsaslandırırlar ki, 2001-2005-ci illərdə Azərbaycanda hər hansı bir partiyaya, qəzetə basqılar ediləndə, bir siyasətçi, bir jurnalist həbs olunanda, təzyiqlərə məruz qalanda. Seçki saxtakarlıqları baş verəndə, hər hansı bir mürtəce qanun qəbul olunanda Qərb buna çox sərt reaksiya verirdi. 2005-ci ildən sonra isə bu belə deyil. Belə ki, qeyd edilən vaxtdan sonra iki qəzetin baş redaktoru - Qənimət Zahid və Eynulla Fətullayev siyasi mövqeyinə, de-fakto sərt tənqidi yazılara görə həbs olunub, iki nazir - Əli İnsanov və Fərhad Əliyev siyasi motivlərlə həbs edilib, xeyli qəzet sıradan çıxarılıb, iki radiostansiyanın - “Azadlıq” və “BBC”-nin yayımı dayandırılıb, partiyalar əhəmiyyətli dərəcədə zəiflədilib, bir neçə mürtəce qanun layihəsi qəbul edilib, amma beynəlxalq təşkilatlar buna adekvat reaksiya verməyiblər. Düzdür, müəyyən məsələlərdə beynəlxalq təşkilatlar özlərini bura yetirirlər, bəyanatlar səsləndirirlər. Məsələn, gənc bloggerlərin - Emin Milli və Adnan Hacızadənin həbsi zamanı bir çox təşkilatlar buna görə sərt mövqe sərgilədilər. Amma bütövlükdə götürəndə 2001-2005-ci illərlə müqayisədə Azərbaycanda demokratik proseslərə ciddi bir dəstək verilməsinin şahidi olmuruq.
Bəzi ekspertlər bunu belə əsaslandırırlar ki, Azərbaycanda demokratiya məsələlərinin Qərbin gündəliyindən çıxması onların hakimiyyətlə anlaşmasının nəticəsidir. Belə ki, 2003-cü il seçkiləri zamanı bəlli ssenariyə öz razılığını verən Qərb ölkə başçısı İlham Əliyevin islahatlar yolu ilə Azərbaycanda demokratiyanın möhkəmləndirəcəyinə əmin olub. Onların digər marağı isə Qarabağ məsələsinə görə olub. Yəni hakimiyyət bu məsələdə də cızılmış planlara uyğun davranacağı görüntüsünü yaratdığından Qərbin Azərbaycanla bağlı planlarında əhəmiyyətli, yəni 2005-ci ildən indiyədək şahidi olduğumuz dəyişikliklər baş verib. Lakin gedən proseslər göstərdi ki, mövcud hakimiyyət köklü islahatlar aparmaq imkanında və niyyətində deyil, həmçinin, onlar Qarabağ məsələsində iddia olunan razılaşmalara getmirlər. Bu yandan isə ölkədə demokratiya və insan hüquqları, mətbuat azadlığı sahəsində vəziyyət gərginləşir. Belə bir vəziyyətdə demokratiya məsələsi yenidən gündəmə gələ bilərmi?
Politoloq Zəfər Quliyev hesab edir ki, Qərbin demokratiya ilə bağlı nisbətən dəyişən siyasətinin arxasında bir neçə motiv var: “İlk növbədə onu qeyd etmək lazımdır ki, Qərbin siyasəti təkcə Azərbaycana münasibətdə dəyişməyib. Qərb postsovet məkanında bir çox ölkələrlə bağlı demokratiya məsələlərini arxa plana keçirib. Bunun əsas səbəblərini sadalayarkən obyektiv və subyektiv amillərə nəzər salmaq lazımdır. Postsovet məkanında obyektiv səbəblər ondan ibarətdir ki, bir çox MDB ölkələri Rusiyadan asılı vəziyyətdədirlər. Həm də köhnə ənənəyə uyğun olaraq, bir çox ölkələrin hakimiyyətləri Moskvadan nümunə götürərək, onlara oxşamağa çalışırlar. O cümlədən də Azərbaycan hakimiyyəti belə edir. Bəllidir ki, Rusiyada Putin hakimiyyətə gələndən sonra bu ölkədə daha sərt avtoritar rejim quruldu. Digər MDB ölkələri də onlara oxşamağa çalışırlar. Qərb siyasətçiləri reallıqlarla barışdıqları üçün taktikalarını dəyişməyə başladılar. Onlar ilkin vaxtlarda demokratik dəyərləri yaymaq üçün bu ölkələrə təzyiq edirdilər ki, siyasi, iqtisadi islahatlar bir-birilərini tamamlasın və bu ölkələr Qərbə daha çox yaxın olsunlar. Lakin bu təzyiqlər nəticə etibarı ilə o qədər də uğurlu nəticə vermədi. İndiki mərhələdə isə digər bir neçə səbəbə görə demokratiyaya ciddi fikir vermirlər. Konkret Azərbaycana gəldikdə, aydın məsələdir ki, həm Qərbin burada enerji, təhlükəsizlik və ərazidən istifadə etmək maraqları var. Bu amillərə görə Azərbaycanın əhəmiyyəti artıb. Ona görə də Qərb Azərbaycanda gedən bir çox mənfi proseslərə göz yumub”.
Amma Z.Quliyev düşünmür ki, Qərb demokratiya ilə bağlı pressinqindən tamamilə əl çəkib: “Sadəcə, bunun forması, taktikası dəyişib. Əgər əvvəllər hansısa demokratik dəyərlər üçün sərt tələblər ortaya qoyurdularsa, indi faktiki olaraq dolayısı ilə cürbəcür proqramlarla Azərbaycanı və digər bir sıra ölkələri Qərbə inteqrasiya etdirirlər. Məsələn, sonuncu olaraq ”Şərq tərəfdaşlığı" proqramı buna xidmət edir. Bu proqram uğurla həyata keçirilsə, istər-istəməz Azərbaycan, Ermənistan, Belarus, Moldova və digər ölkələr Qərbə daha çox yaxınlaşacaqlar. Beləliklə, qarşıda demokratik dəyərlərin qəbul etdirilməsi üçün real zəmin yarana bilər. Faktiki olaraq indi avtoritar ölkələri dolayısı yolla Qərbə bağlayırlar. Bu, qısa zamanda baş verə bilər. Əvvəlki illərdə də demək olmazdı ki, demokratiya prioritet olub. Lakin indiki mərhələdə Rusiya ilə Qərbin arasında bir ildən artıq gedən siyasi mübarizədə demokratiya o qədər də önəm kəsb etmir. Qərb reallıqlarla barışır. Ancaq heç şübhəsiz ki, hansısa bir məqam yetişəndə, yəni hansısa bir ölkəyə ayrılıqda təzyiq göstərmək lazım olanda, həyata keçirilən uzunmüddətli proqramlardan kənar bunu edəcəklər. O baxımdan hesab edirəm ki, son vaxtlar Qərbdə Azərbaycanla bağlı artan narazılıq və narahatlıq ona gətirib çıxara bilər ki, onlar ölkəmizə münasibətdə demokratiya məsələsini prioritetə çevirsinlər. Bu isə demokratiya naminə deyil, daha çox Qərbin hansısa istəklərinin həyata keçirilməsi üçün edilə bilər".
Elşad MƏMMƏDLİ

1091 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen