Montag, 5. Oktober 2009

“İŞĞALDAKI RAYONLARIN MİNADAN TƏMİZLƏNMƏSİNƏ 20 İL LAZIMDIR” | Yeni Musavat

“İŞĞALDAKI RAYONLARIN MİNADAN TƏMİZLƏNMƏSİNƏ 20 İL LAZIMDIR” | Yeni Musavat

Son vaxtlar həm Azərbaycan hakimiyyəti, həm də beynəlxalq güclər Qarabağ münaqişəsi üzrə hansısa bir razılaşma sənədi imzalanacağını istisna etmirlər. İntensiv olaraq eşidilir ki, bu razılaşmalara əsasən işğal olunmuş torpaqlar mərhələ-mərhələ boşaldılacaq. İlkin variantda bəzən 5, bəzən isə 3 rayonun boşaldılacağı, qısa bir müddətdə də məcburi köçkünlərin öz torpaqlarına qaytarılacağı bildirilir. Lakin çox vacib olan bir məsələdən danışılmır ki, torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərin minalardan təmizlənməsi nə qədər çəkəcək. Kiçik araşdırmalar zamanı öyrənə bildik ki, birinci Qarabağ savaşında müharibə gedən, hazırda Azərbaycanın nəzarətində olan cəbhəyanı rayonlarda 10 ildən çoxdur ki, minatəmizləmə prosesi gedir. Amma buna baxmayaraq, həmin ərazilərdə minalar tez-tez partlayır və insanların həyatına son qoyur. Heç şübhəsiz, ermənilər işğal etdikləri rayonları boşaldarkən oranı xəritə üzrə deyil, kor-təbii minalayaraq çıxacaqlar.
Azad İsazadəMəlumdur ki, beynəlxalq səviyyədə qəbul olunmuş normalara görə, minalanma prosesi xəritə üzrə aparılmalıdır. Lakin ekspertlərin bildirdiyinə görə, həm Azərbaycan, həm də Ermənistan tərəfdə xəritə tərtib etməyə 1993-cü ilin sonunda başlayıblar. Buna qədər minalanmış ərazilər isə qeyri-müəyyəndir. Ən vacibi isə odur ki, ermənilərin işğaldan azad etdikləri ərazilər üzrə mina xəritələrinin saxta variantını verəcəyi ehtimalı böyükdür. Belə olduğu təqdirdə bu problem necə həll ediləcək?
Mövzu ilə bağlı danışdığımız hərbi ekspert Azad İsazadə problemin kifayət qədər ciddi olduğunu dedi: “Təkcə bir faktı demək kifayətdir ki, İkinci Dünya müharibəsi zamanı basdırılan minaları təmizləyib qurtarmaq mümkün olmayıb. Belə bir mexanizm yoxdur ki, qısa müddətdə minalanmış əraziləri təmizləmək mümkün olsun. Özü də işğal olunmuş ərazilərlə bağlı problem təkcə mina ilə bağlı deyil. Orada infrastruktur da dağılıb, kommunikasiya da və s. Amma razıyam ki, işğaldan azad olunduqdan sonra orada ən birinci problem minaların təmizlənməsi ilə əlaqədar olacaq. Bu proses təxminən 20 ilə qədər çəkəcək. Ərazisi o qədər də böyük olmayan Bosniya kimi Avropa ölkəsi indiyə qədər ən təhlükəli və ən çox mina basdırılmış ölkə sayılır. Oranı indiyə qədər minadan azad edə bilməyiblərsə, sözsüz ki, Qarabağda da bu problem xeyli müddət davam edəcək. Hansısa kəndlərin ətrafını, yolları minadan təmizləyib ora camaatı yavaş-yavaş yerləşdirmək mümkün olacaq. Amma otlaqların, meşələrin, əkin sahələrinin təmizlənməsi uzun vaxt aparacaq”.
A.İsazadə də təsdiqlədi ki, minalanmış ərazilərlə bağlı ilk xəritələr 1993-cü ilin sonlarında tərtib olunmağa başlayıb: “Buna qədərki dövrün xəritələrini axtarsaq da, tapmayacağıq. 1993-cü ildən sonra xəritələr hazırlanması göstərişi olsa da, bu o demək deyil ki, işi həyata keçirən hərbi hissələrin zabitləri xəritələri doldurublar. Bəziləri bunu etməyib, bəziləri döyüş əməliyyatları zamanı itib, mühasirədən çıxarkən məhv olub və sair. Ona görə də tam məlumat əldə etmək müşkülə çevriləcək”.
Ekspert bildirdi ki, ermənilərdən bu xəritələri almaq da problem yaradacaq: “Hətta bu xəritələr olsa belə, iddia edəcəklər ki, yoxdur, itib, tərtib olunmayıb və sair. Yaxud da Ermənistanın aidiyyəti qurumları deyəcəklər ki, sərhəd bölgəsinə aid xəritələr bizdədir, digər torpaqlara minaları Dağlıq Qarabağın separatçı qüvvələri basdırıb, gedin onlardan istəyin. Separatçılar da şərt qoyacaqlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyın, xəritələri ondan sonra verək. Beynəlxalq təpki olanda da çalışacaqlar ki, həmin xəritələrin itdiyini desinlər. Yaxud hər hansı bir reallığı əks etdirməyən xəritəni verəcəklər və deyəcəklər ki, əlimizdə olan budur. Ona görə də bu problemə indidən çox ciddi yanaşmaq lazımdır”.
Elşad MƏMMƏDLİ

54 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen