Montag, 5. Oktober 2009

QARABAĞIN TALEYİ ÜÇÜN HƏLLEDİCİ HƏFTƏ | Yeni Musavat

QARABAĞIN TALEYİ ÜÇÜN HƏLLEDİCİ HƏFTƏ | Yeni Musavat

05.10.2009 [09:06]
QARABAĞIN TALEYİ ÜÇÜN HƏLLEDİCİ HƏFTƏ

Anlaşma protokolları bir neçə günə parlamentlərin müzakirəsinə çıxarılacaq...

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti ümidverici bəyanatlar səslənməkdədir. Türkiyə prezidenti Abdulla Gülün işğal olunmuş torpaqların azad olunması vaxtının çatdığını bildirməsi, həmsədrlərin regiona növbəti səfəri və münaqişə tərəflərinin dövlət başçıları səviyyəsində görüşünün keçiriləcəyi ərəfədə prezident İlham Əliyev problemin həlledici mərhələyə yaxınlaşdığı barədə bəyanat səsləndirib.

Naxçıvanda türkdilli dövlətlərin sammitindəki çıxışında ölkə rəhbəri Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Uzun illərdir ki, danışıqlar aparılır. Ancaq əfsuslar olsun, hələ ki, biz heç bir nəticəyə gəlməmişik. Düzdür, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur. Danışıqlar prosesi, deyə bilərəm ki, artıq sonuncu mərhələsindədir. Müzakirə edilən məsələlər münaqişənin ərazi bütövlüyü əsasında həll olunmasını təmin edir”. İ.Əliyevin bu bəyanatı Türkiyə-Ermənistan arasında nəzərdə tutulan protokolların imzalanması ərəfəsinə təsadüf edir. Bu mənada heç olmasa problemin ölü nöqtədən tərpənəcəyi ehtimal edilir. Ancaq bəzi müşahidəçilər qarşıdakı həftənin hətta çox ciddi hadisələrlə tarixə düşə biləcəyini güman edir. Fərqli düşünənlər də var.

Arif Yunus: “Optimist olmağımıza səbəb görmürəm”

Konfliktoloq Arif Yunus problemin həlli ilə bağlı yaxşı heç nə gözləmədiyini bildirdi və səslənən bəyanatları təbliğat kampaniyası adlandırdı: “Uzun illər gedən proseslərdə həmişə belə şeylər olub. Qarabağ danışıqları ilə bağlı həmişə bizə deyiblər ki, məsələnin həllinə az qalıb. Bu sözləri 1999-cu ildə də deyiblər, 2001-ci ildə də. Bu gün də mən hər iki tərəfin razılığa gəldiyini görmürəm. Çünki hər iki tərəfin mövqeləri bir-birindən çox uzaqdır”. A.Yunus hesab etmir ki, Türkiyə-Ermənistan yaxınlaşması Qarabağ probleminin həllinə yardımçı olacaq: “Türkiyə-Ermənistan münasibətləri ilə bağlı proses həqiqətən də gedir. Amma mən orda da tələsməzdim. Prosesin başa çatması bir-iki günün işi deyil. Eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ məsələsinə ciddi təsir edəcəyini gözləmirəm. Açığı, burda mən pessimistəm”.
ATƏT təmsilçilərinin Laçın dəhlizinə gələrək müəyyən texniki işlərlə məşğul olmasına gəldikdə, A.Yunus bunları bildirdi: “Təbii ki, onlar nikbin açıqlamalar verməlidirlər. Həmsədrlər desələr ki, proses getmir, vəziyyət ağırdır, onda ortaya sual çıxacağ ki, bacarmırsınızsa, kənara çəkilin, digərləri bu işlə məşğul olsun. Hələ 2006-cı ilin iyun ayında həmsədrlər açıq şəkildə bildirdilər ki, daha yeni təkliflər olmayacaq, bu, axırıncı təklifdir və bundan sonra məsələ ilə məşğul olmayacaqlar, qalır prezidentlərin fikirləri. O vaxtdan 3 il keçib, prezidentlər fikirləşirlər, həmsədrlər isə yenə də deyirlər ki, məsələ ilə məşğuldurlar, yeni təkliflərlə gəlirlər. Yaxşı, bəs onda niyə deyirdilər ki, nə vardısa, vermişik, daha heç nə olmayacaq?” Konfliktoloq məsələnin həllinin uzanması barədə danışarkən burda tərəflərin maraqlı olduğuna işarə vurdu: “Hər iki tərəf hesab edir ki, vaxt onların xeyrinə işləyir. Eyni zamanda hər iki tərəf bu qənaətdədir ki, kompromiss onların xeyrinə olmalıdır. Ermənilərin mövqeyi bundan ibarətdir ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Əgər olmayacaqsa, onda söhbət nədən gedir? Madrid prinsiplərinin əsası odur ki, Dağlıq Qarabağ referendum yolu ilə müstəqil olacaq, əvəzində isə bizə ətraf rayonları qaytaracaqlar. Hazırda referendumun nə zaman keçirilməsi ətrafında müzakirələr gedir. Əgər biz Dağlıq Qarabağın statusunun referendum vasitəsilə həll olunacağı barədə sənədə qol çəkəcəyiksə, onda, deməli, nə vaxtsa referendum keçiriləcək. Bu səbəbdən nəyinsə əsasında optimist olmağımıza səbəb görmürəm”.

Rasim Musabəyov: “Rusiya 5 rayonu geri qaytarmağa qərar verib, Sərkisyan da o yolla hərəkət edir”

Qarabağ Şurasının sədri, politoloq Rasim Musabəyov dedi ki, Madrid prinsipləri əsasında 4 il aparılan danışıqlar sona çatmaq ərəfəsindədir: “Bu sonluq müsbət də ola bilər, hətta torpaqların işğaldan azad olunması, atəşkəsin daimi stabilliklə əvəzlənməsi ilə sonuclana bilər. Yaxud əksi də baş verə bilər. Daha yüksək ehtimal var ki, proseslər irəli aparılır. Rusiya da anlayır ki, bundan sonra mövcud status-kvonu saxlamaq çətin olacaq. Gürcüstanla müharibədən sonra Rusiya Ermənistanla kommunikasiya əlaqələrini itirib. Belə olan şəraitdə Rusiya 5 rayonu geri qaytarmağa qərar verib. Sərkisyan da o yolla hərəkət edir. Üstəlik Türkiyənin də ermənilərlə sərhədi açması onlar üçün əlavə sığortadır. Ancaq tam əminliklə hansısa bir nəticənin olacağından danışmaq tezdir".

E.PAŞASOY

1832 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen