Freitag, 30. Oktober 2009

RÖVNƏQ ABDULLAYEVİN ŞOK FUTBOL MAXİNASİYALARI | Yeni Musavat

RÖVNƏQ ABDULLAYEVİN ŞOK FUTBOL MAXİNASİYALARI | Yeni Musavat

29.10.2009 [10:19]
RÖVNƏQ ABDULLAYEVİN ŞOK FUTBOL MAXİNASİYALARI

ARDNŞ prezidentinin içindəki futbol sevgisi...
Lixtenşteyn və Rusiya oyunlarını satın alan AFFA prezidenti futbolçuları da, ölkə rəhbərliyini də, xalqı da aldadır; büdcəni isə dağıdır

Azərbaycanın futbol üzrə milli komandasının 2010-cu il dünya çempionatının seçmə oyunları çərçivəsində son iki matçlarının nəticələrinin əvvəlcədən razılaşdırılması ehtimalları barədə oxucularımıza məlumat vermişdik. Yerli və Rusiya mətbuatında da yığma komandamızın Lixtenşteynə səfərdə qələbə qazanması (2:0), Rusiya ilə Bakıda heç-heçə (1:1) oynamasının çox şübhəli nəticələr olduğu haqda bilgilər yer alıb. Son iki oyunda komandamızın rəqiblərinin bilərəkdən zəif oynadığını isə hətta Rusiyanın ən məşhur idman şərhçiləri də qabartmaqdan çəkinmirdilər.

Ötən gün söhbət açdığımız şübhəli oyunlarla bağlı daha dəqiq və etibarlı yerdən şok məlumatlar əldə etdik. Bəlli olur ki, həqiqətən mili komandamız Lixtenşteyn və Rusiya ilə oyunlarda əldə etdiyi nəticələri öz gücünə deyil, pulun hesabına qazanıb. Bizi məlumatlandıran isə adının çəkilməsini istəməyən Azərbaycanın ən məşhur futbolçularından, daha sonra məşqçilərindən biri, futbol təsərrüfatında böyük hörmət sahibi olan şəxsdir.
Əməkdaşımıza bilgi verən məşhur futbol adamı konkret faktlar da açıqlamaqdan çəkinmədi. Bildirdi ki, AFFA rəhbərliyi Lixtenşteyn üzərində qələbəyə görə hər oyunçuya 40 min manat (!) mükafat nəzərdə tutubmuş. Amma oyunçuların hərəsinə səfər qələbəsinin müqabilində cəmi 5 min manat çatıb. Hər futbolçunun mükafatından tutulan 35 min manat isə Lixtenşteynlə danışılan oyuna ötürülüb. Təbii ki, ilk baxışdan «cırtdan ölkə»nin komandası ilə oyunda 40 min manat mükafatın ayrılması inandırıcı görünməyə bilər. Bunun səbəblərinə az sonra toxunacağıq.
Əməkdaşımızı məlumatlandıran futbol mütəxəssisi qeyd etdi ki, yığmamızın Rusiya ilə Bakıdakı oyununda da AFFA rəhbərliyi şəffaf oyuna yox, bağlı qapılar arxasında aparılan çirkli söhbətə üstünlük verib. Bakıdakı oyun ruslar üçün heç bir əhəmiyyət kəsb etmədiyindən AFFA öz çirkin əməlini həyata keçirərək Rusiya ilə matçın nəticəsini də böyük pullar hesabına əvvəlcədən razılaşdıra bilib.
Məşhur futbol adamı əməkdaşımıza izah edib ki, Rusiya və Lixtenşteynlə oyunun alınması AFFA prezidenti Rövnəq Abdullayevin dövlət başçısından gizli planı olub. Azərbaycan komandası dünya çempionatının seçmə mərhələsində biabırçı şəkildə çıxış etdiyindən İlham Əliyev AFFA prezidentinin işindən narazı qalıb: «Prezident idman işini biləndir və bu sahəyə diqqət ayırır. Həm də büdcədən böyük pullar xərclənir. Rövnəq Abdullayev isə ona tapşırılan sahəni - futbolu batırıb. Üstəlik, burada ciddi maliyyə maxinasiyalarına, böyük yeyintilərə yol verir. Artıq danışılır ki, prezidentdə onun işi ilə bağlı ciddi narazılıq var».
Rövnəq Abdulayev isə son iki oyunda pulla nəticə qazanaraq dövlət başçısının yanında özünü təmizə çıxarmağa çalışıb. AFFA rəhbərinin söhbət açdığımız oyunların alınmasına konkret hansı məbləğdə para verdiyi barədə bizi məlumatlandıran futbol adamı məlumatsızdır: «Rəqəm konkret deyil. Amma görünən odur ki, söhbət milyon dollarlardan gedir».
Bayaq toxunduğumuz 40 min manat məsələsinə gəlincə isə Rövnəq Abdullayev danışılan oyunların pulunu mükafat fondundan ayrılan paralarla ödəmək üçün ağlagəlməz «premya» müəyyənləşdirib və bu pulu dövlətdən məhz bu adla alıb. Bu yolla pullar daha rahat silinir, birincidən xəbərsiz çirkli işlər həyata keçirilir.
Bizi məlumatlandıran məşhur futbol adamı yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqtsa da müqavilədə nəzərdə tutulan qədər pul verilmədiyini söylədi. Belə ki, mətbuatdan gizli saxlanılan anlaşmada əcnəbi çalışdırıcının illik məvacibi 2 milyon avro civarındadır; amma Foqtsa bunun yalnız bir hissəsi verilir, qalan paralar isə ciblərə gedir.
Bakıda milli komandamızla yoldaşlıq oyunu keçirən İspaniya yığmasının da Rövnəq Abdullayevin ayırdığı milyonlar hesabına paytaxtımıza gəldiyi barədə də çox yazılıb. Hətta İspaniyanın ən məşhur idman nəşrləri də dünya reytinqində ilk yeri tutan milli komandalarının Bakıya ancaq cəlbedici pul müqabilində yollanmalarının mümkünlüyünü qabartmışdılar. Həmin vaxt Azərbaycan və İspaniya mətbuatı ulduzlar toplusundan ibarət ispanların Bakıya 1-2 milyon avro qarşılığında gəldiyini iddia etmişdilər. Amma ötən gün bizi bilgiləndirən futbol adamı ispanların Bakıda oynamağa razılıq vermələri üçün 7 milyon dollar aldıqlarını da əminliklə söylədi.
İspanların Bakıya gəlməsinin isə maraqlı bir tarixçəsi olub. Belə ki, Rövnəq Abdullayevin oğlu İngiltərənin «Liverpul» klubunda oynayan ispan oyunçu Fernando Torresin azarkeşidir. Balaca Abdullayev atasından Torresi Bakıya gətirtməyi xahiş edib. Nəticədə ata oğlunun sözünü yerə salmayaraq 7 milyon dollar sayaraq İspaniya yığmasının tərkibində Torresi Bakıya gətizdirib. Bakıda 6:0 hesabı ilə İspaniyanın xeyrinə başa çatan oyundan sonra isə AFFA prezidentinin oğlu Torreslə söhbətləşib, şəkil çəkdirib...

***

Beləliklə, futbol təsərrüfatında onsuz da bərbad olan durum hörmətli Rövnəq müəllimin zəhməti sayəsində daha da bərbad, çirkli hala gəlmişdir. Azərbaycan futbolunu korrupsiya, yerliçilik, rüşvət başına götürüb. Cənab Abdullayev bu sahədən uzaqlaşdırılmayınca, nə futbol olacaq, nə də büdcədə pul qalacaq...

Nicat İSAYEV

4678 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen