Samstag, 3. Oktober 2009

AVROPA İTTİFAQI AZƏRBAYCANLA MÜNASİBƏTLƏRDƏ PRİNSİPLƏR MÜƏYYƏNLƏŞDİRİB | Yeni Musavat

AVROPA İTTİFAQI AZƏRBAYCANLA MÜNASİBƏTLƏRDƏ PRİNSİPLƏR MÜƏYYƏNLƏŞDİRİB | Yeni Musavat



Onlayn ictimai-siyasi qəzet
03.10.2009 [09:26]
AVROPA İTTİFAQI AZƏRBAYCANLA MÜNASİBƏTLƏRDƏ PRİNSİPLƏR MÜƏYYƏNLƏŞDİRİB

İsa Qəmbərin də qatıldığı Brüssel toplantısında Bakı ilə dialoqda əsasən insan hüquqları məsələsinə diqqət yetiriləcəyi bildirilib

Avropa İttifaqının Azərbaycan, Ermənistan və Gürcüstanla dialoqunda insan hüquqları məsələsi diqqət mərkəzində olacaq. Bu barədə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasətinin fəaliyyət planının tətbiqi üzrə əlaqələndiricisi Kalin-Lonut Unqur (Calin-Lonut Ungur), Brüsseldə Cənubi Qafqaz ölkələrinin müxalifət partiyaları və müstəqil KİV-in nümayəndələri ilə görüşdə bildirib. Azərbaycandan görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər və lŞərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu iştirak edib.Görüş 30 sentyabr-2 oktyabr tarixində Fridrix Nauman fondu tərəfindən təşkil edilmiş «Yeni şərq tərəfdaşlığı: Aİ və onun şərq qonşuları arasında yeni səmərəli kooperasiya strategiyası» seminarı çərçivəsində keçirilib.
Avropa İttifaqının mayın 7-də Praqada başlanğıc götürmüş «Şərq tərəfdaşlığı» təşəbbüsünün məqsədi Aİ-nin 6 postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Belorusiya, Gürcüstan, Moldova və Ukrayna ilə münasibətlərini inkişaf etdirməkdir.
Fondun Cənubi Qafqaz üzrə icraçı direktoru Volfqanq Yon (Wolfgang John) tədbirin Cənubi Qafqazda vəziyyətin adekvat dərk edilməsi və regionda sülh və sabitliyin bərqərar olunması məqsədilə Aİ-nin uğurlu siyasət yürütməsi üçün əhəmiyyətini vurğulayıb.
«Aİ üçün partnyor ölkələrdə sabitlik çox vacibdir. Bu isə demokratiya, insan hüquqlarına hörmət, söz azadlığı, qanunun aliliyi, müstəqil məhkəmə sistemi olmadan mümkün deyil», deyə Unqur bildirib.
O, Aİ və partnyor ölkələr arasında gələcək münasibətlərlə bağlı nikbinliyini ifadə edib: «Aİ-nin partnyor ölkələrdə gedən proseslərdə iştirakı daha dərin, yüksək səviyyəli səfərlər isə daha çox olacaq».
Unqur bildirib ki, oktyabr-noyabr aylarında Brüsseldə partnyor ölkələrlə görüş keçiriləcək, burada Şərq Qonşuluğu Siyasəti çərçivəsində 2010-2011-ci illər üçün əməkdaşlıq proqramı işlənib hazırlanacaq. «Bir neçə ay əvvəl Şərq Tərəfdaşlığı Siyasəti sənədinin imzalanmasından sonra biz partnyor ölkələrlə bu proqramın platformalarının təkmilləşdirilməsi üzrə görüş keçirdik və onların təklifləri yeni proqramın hazırlanması zamanı nəzərə alınacaq», deyə o bildirib.
Aİ və partnyorlar arasında ikitərəfli münasibətlər 4 platformaya əsaslanır: 1) söz azadlığı, korrupsiyaya qarşı mübarizə, kadrlar sistemində islahatlar aparılması; 2) iqtisadi inteqrasiya: sosial-iqtisadi inkişaf, səhiyyə, azad ticarət, liberal bazar və ekologiyanı əhatə edir; 3) enerji təhlükəsizliyi: ixracat və infrastrukturu əhatə edir; 4) şəxslərarası ünsiyyət: tələbə mübadiləsi, QHT-lərin fəaliyyəti, mədəni əlaqələr.
Şərq Tərəfdaşlığı Siyasəti möhtəşəm proqramdır, amma çox şey partnyor ölkədən asılıdır: «Ölkə kağız üzərində deyil, real olaraq dövlət sisteminin demokratikləşdirilməsi, bazar iqtisadiyyatının və sabit inkişafın təmin eilməsi üzrə işə cəlb edilməlidir», deyə Unqur bildirib.
Xəbər xidməti

160 dəfə baxılıb

Yeni MÜSAVAT © 2008

Keine Kommentare:

Kommentar veröffentlichen